Azərbaycan tərəfi istədiyi anda qısamüddətli hərbi əməliyyatlara başlaya bilər
“Dağlıq Qarabağ cəbhəsində hər an hərbi vəziyyətin aktuallaşması mümkündür”. Bunu “Şərq”ə açıqlamasında Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib. Analitik bildirib ki, Ermənistan işğal iddialarından vaz keçmir və zəbt etdiyi torpaqları geri qaytarmaqla bağlı heç bir addım atmır: “Düşmən tərəf danışıqlar masasında konkret müzakirələrə razı deyil.
Danışıqlarda daha çox əsirlərin dəyişdirilməsi, atəşkəsin təmin olunması kimi Azərbaycanı qane etməyən məsələlər müzakirə olunur. Bu da Paşinyana zaman qazandırmağa xidmət edir. Ancaq proses acı bağırsaq kimi uzadıla bilməz. Rəsmi Bakı ciddi siyasi nəticəsi olmayan danışıqlarda maraqlı deyil. Düşmən tərəf cəbhə xəttində tez-tez təxribat törədir. Günün birində təxribatların genişmiqyaslı hərbi fazaya keçməsi ehtimalı artmaqdadır. Lakin savaş məsələsi təkcə Paşinyanın iradəsi çərçivəsində də deyil.
Təxribatlar Paşinyanın sözünü dinləməyən “Qarabağ klanı”nın generaliteti tərəfindən də həyata keçirilə bilər. Qondarma rejimdəki hərbi xuntanın əksər üzvləri Rusiyanın xüsusi xidmət orqanlarına bağlı adamlardır. Bu o deməkdir ki, Moskva da istənilən vaxt Qarabağ cəbhəsində gərginliyi tətikləyə bilər. Ən əsası isə danışıqların nəticə vermədiyindən əmin olan Azərbaycan tərəfinin özü də istədiyi anda qısamüddətli hərbi əməliyyatlara başlaya bilər. Bu ehtimal da çox realdır”.
Siyasi şərhçinin sözlərinə görə, Moskva istənilən müharibədə erməni ordusunun böyük zərbə alacağını yaxşı bilir: “Hərbi əməliyyatlarda Silahlı Qüvvələrimizin əzici üstünlüyü birbaşa Paşinyan hökumətinə zərbə vuracaq. Çünki inqilabla hakimiyyətə gələn baş nazir iqtisadi məsələlərlə yanaşı, siyasi və hərbi yöndə də vədlər verib. Xatırladım ki, Paşinyan əvvəlki dönəmdə məqsədli şəkildə Rusiya yönümlü davranışlar sərgiləyirdi.
Bir növ Moskvanın könlünü almağa çalışırdı. Ancaq Kremldən istədiyi qarşılığı ala bilmədiyinə görə tədricən onu inqilab yolu ilə hakimiyyətə gətirən Qərbə doğru meyillənməyə başladı. İndiki məqamda yalnız Qərbin və ABŞ-ın xüsusi marağı çərçivəsində Paşinyan cəbhədə gərginlik yaratmaq niyyətinə düşər. Erməni baş nazirin təkbaşına müharibə qərarı alması böyük riskdir. Müharibə sadəcə qondarma rejimin deyil, eyni zamanda Paşinyan hökumətinin də sonunu gətirə bilər. Nəzərə alaq ki, erməni ordusunun içində baş nazirə dəstək verənlərlə yanaşı, “Qarabağ klanı”nın yanında olanlar da var. Parçalanmış zəif düşmən ordusunu güclü Azərbaycan Ordusunun qarşısına çıxartmaq heç də ağıllı hərəkət olmaz”.