Qayda budur: Ya Njdenin heykəli sökülür, ya da dronlar...

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiyanın Xarici işlər naziri Sergey Lavrova müraciət edib. Müraciət faşist Njdeninin heykəli ilə bağlıdır.
Müharibə veteranları müraciət zamanı qeyd ediblər ki, Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur:

“Moskvada “Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə” adlı kitabın təqdimatı keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, “Njdenin “ideyaları” bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır”.
Bir daha xatırlatmaq yerinə düşər ki, ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.

Millət vəkili Razi Nurullayev “Sherg.az”a açıqlamasında müraciətlə bağlı hansısa addım atılacağını gözləmədiyini söyləyib:

“Çünki onlar Azərbaycan cəmiyyəti və siyasi rəhbərliyinin mövqeyini çox gözəl bilirlər. Njde ilə bağlı ölkə başçısı belə bir çox yerlərdə müxtəlif prezidentlərə məsələnin vacibliyini çatdırıb. Və Njdenin təbliğ olunmasına qarşı çıxıb. Bunun İkinci Dünya müharibəsində ölkən insanların ruhuna təhqir olduğunu deyib. Amma Rusiya bununla bağlı ürəklə nəsə demək, hansısa addımlar atmaq istəmir”.

Parlament üzvü qeyd edib ki, Xocavənd Azərbaycanın suveren ərazisidir:

“Ermənilər kimdir ki, orada bir terrorçu və faşistə heykəl qoyurlar? Düşünürəm ki, Azərbaycan bunu Ermənistan rəhbərliyinin qarşısında qaldırmalı, Rusiya tərəfinə vaxt verməli, Türkiyə tərəfini də məlumatlandırmalıdır.

Yəni filan tarixə qədər vaxt veririk və sonra dronları göyə qaldırıb heykəli vuraraq parçalayacağıq. Bu şəkildə qətiyyəli mövqe ortaya qoymağın da zamanı gələcək.

Fikrimcə, Azərbaycanda bununla bağlı siyasi iradə olacaq. Hələlik müəyyən məsələləri diplomatik və danışıq yolları ilə həll etmək olar. Ermənistan və Azərbaycan arasında bağlanmış üçtərəfli razılaşmanın icrası ilə bağlı kövrək məqamdır. Azərbaycanla Ermənistan hələ də müharibə vəziyyətindədir. Biz sülh olmasını istəyirik, ermənilər istəmirlərsə, deməli, Azərbaycan yenə də hərbi gücünü göstərməlidir.

Ölkəmizin atdığı addım da suveren ərazilərimizlə bağlı olacaq. Ona görə də bölgədəki terroristlər mütləq şəkildə cəza almalıdırlar ki, ərazilərimizdə ağıllarına gələni etməkdən çəksinlər. Onlara mütləq dərs vermək lazımdır”.