Rusiyanın “Zəngəzur dəhlizi” hiyləsi: "Öz oyunumuzu qurmalıyıq"

Son günlər müzakirə olunan əsas məsələlərdən biri məhz Zəngəzur dəhlizi ilə bağlıdır. Prezident İlham Əliyev, demək olar, bütün çıxışlarında bu məqamı xüsusi vurğulayır və bildirir ki, dəhliz hansı yolla olursa-olsun açılacaq: ya könüllü, ya da zorla. Ermənilər isə, deyəsən, ikinci variantı istəyirlər. Hər halda bir vaxtlar “Qarabağ Ermənistandır” deyən və sonradan bunun acı, haqlı aqibətini yaşayan Ermənistan baş naziri Nikol Paşinyan bu dəfə də nələrəsə “nöqtə qoymaq” istəyir. Deməli, yenə o nöqtəni nidaya çevirəcəyik!

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Zəngəzur dəhlizi barədə “Sherg.az”a danışdı:

“Üçtərəfli müqaviləyə görə dəhliz açılmalıdır, bu, aydındır. Tərəflərin razılığı olarsa, buna əməl ediləcək. Məsələnin kökü də buradadır- razılığı olarsa. Olmazsa, məsələ “dalana dirənə”, kimsə də buna birbaşa kimsəni məcbur edə bilməz. Bu, məsələnin beynəlxalq hüquq baxımından izahıdır. Amma deyirik ki, nə yolla olursa -olsun dəhliz açılacaq. Necə? Rusiyanın səssizliyi məlumdur. Moskva dəhlizin açılması üçün Ermənistana təzyiq edə bilərmi? Edə bilər. Bəs niyə etmir?! Hətta aşağı tonda ara-sıra bunun erməni tərəfi istəməzsə, mümkün olmadığına işarə edir. Məqsədi nədir?”.


Qasımovun fikrincə, Kreml rəhbərliyinin yenə də məkrli planları var:

“Hesab edirəm ki, bu, Rusiyanın oyunudur. Rusiya son hadisələrdə asan yolla, müxtəlif oyunlarla qazanc əldə etmək yolunu tutub. Dəhliz hər halda açılacaq. Sadəcə Rusiya Zəngəzur dəhlizinin açılmasından da yaxşı qazanc əldə etmək istəyir- həm bizdən, həm Ermənistandan, həm də Türkiyədən. Bu, bizim tərəfimizi tutmaqla erməni hakimiyyətinə təzyiqdən tutmuş, rus sülhməramlılarının Qarabağda uzun müddət qalması, Türkiyənin Rusiya ilə qaynar nöqtələrdəki qarşıdurmasında güzəştlər əldə etməsinə kimi müxtəlif şərtlər ola bilər. Bizə nəticə lazımdır- hansı yolla olursa- olsun. Təbii ki, Rusiyanın oyunlarına qarşı öz oyunumuzu qurmaq şərtilə”.