REAKSİYA!- “Növbəti anti-terror əməliyyatları “yetişib”” – AKTUAL!

Dünən gecə cəbhədə baş verən hadisələr Ermənistanın destruktiv mövqeyinin növbəti bariz nümunəsidir. Məlum olduğu kimi, düşmən hərbçiləri təxribata cəhd edib və bunun qarşısı alınıb. Altı terrorçu əsir götürülüb. Əlbəttə, bu, kiməsə, xüsusilə də həmin hərbçilərə və onların analarına lazım deyil. Elə isə?! Görünür, Ermmənistandakı bəzi revanşist qüvvələr siyasi səhnəni “çirkənləndirməkdən” ötrü bütün vasitələrdən istifadə etməyə hazırdırlar. “Sherg.az” olaraq son proseslərlə bağlı Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli ilə söhbətləşdik. 



-Sərhəddə  baş verən təxribat cəhdini necə qiymətləndirirsiniz?

-Bu, hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın maraqlarına cavab vermir. O, Azərbaycanla konfliktə girərək növbəti torpaqlar itirmək istəməz. Görünür, ordunun bir hissəsi artıq iqtidarın nəzarətindən çıxıb və onların fəaliyyəti hakimiyyətin imicinə zərbədir. Paşinyanın reytinqi digər namizədlərə nisbətən çox olsa da, belə yollarla tədricən azalır.

-Proseslərdə Rusiyanın rolunu necə qiymətləndirirsiniz?

-Moskva baş verənlərdə birbaşa maraqlıdır. Kreml Paşinyanın imicinin azalmasını istəyir. Ümumiyyətlə, Ermənistan eyni ilə Ukrayna kimi ABŞ-la Rusiya arasında poliqona çevrilib. Və, bu, ən çox rəsmi İrəvanın özünün əleyhinədir.

-Belə bir vəziyyətdə biz nə etməliyik?

-Ermənistanda kimin hakimiyyətə gəlməsi Azərbaycan üçün maraqlı deyil və olmamalıdır. Biz Xankəndi başda olmaqla, Qarabağın digər torpaqlarını da işğaldan azad etməliyik. Bəlkə, bu, düşmənə dərs olar.

-Deməli, silahlar yenidən işə düşə bilər?

-Bəli, növbəti anti-terror əməliyyatları istisna deyil. Bu, labüddür və artıq “yetişmiş” prosesdir.