Qarabağda peşə məktəbləri:“Bunun nəticəsini görəcəyik”



Prezident İlham Əliyev bu gün Türkiyənin təhsil naziri Ziya Səlçuğu qəbul edib. Dövlət başçısı bildirib ki, peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var.

“ Xüsusilə, Azərbaycan, dediyim kimi, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Əlbəttə ki, biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik”.- deyə, dövlət başçısı əlavə edib.

 Təhsil eksperti Rafiq İsmayılov sözügedən təşəbbüs barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Bu məsələ gündəmdədir. Hər halda yeni tələblərə uyğun peşə məktəblərinin yaradılmasına ehtiyac var. Türkiyə bu istiqamətdə böyük təcrübəyə malikdir. Odur ki, təşəbbüsü yüksək qiymətləndirirəm. Təqdiralayiqdir. Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiq olunduğunu nəzərə alsaq, deməli, peşə məktəblərində İKT-dən də geniş istifadə ediləcək. Fikrimcə, biz yaxın gələcəkdə bunun nəticəsini görəcəyik”.