Qarabağdan ilk məlumatı biz çatdırmalıyıq

"Azərbaycan Ermənistanın provakasiyalarına qarşı bu dövlətin tələsinə düşmədən çox diqqətli addımlar atır"


“Seçkilərdən öncə Ermənistan tərəfindən müxtəlif təxribatlar törədilir. Ermənistanın daxili siyasətində və təhlükəsizliyində bir neçə xarici dövlətin ciddi təsir imkanları var”. Bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Analitik bildirib ki, əgər daxildəki qruplar iqtidara sahiblənmək maraqlarını ön planda saxlayırsa, kənar qüvvələr, xarici dövlətlər region uğrundakı mübarizə maraqlarından çıxış edirlər: “Bəzi xarici qüvvələr istəyirlər ki, bu problem birdəfəlik həll olunmasın.

Yaxud da, elə qüvvələr var ki, həll olunmağını istəsələr də, öz günahlarından dolayı prosesdən kənarda qalıblar. Kənarda qaldıqlarına görə də, qısqanclıq edirlər. Onların iştirakı olmadan hansısa münaqişənin çözümünə yaxın durmurlar. Regionun gələcəyinin onların iştirakı olmadan planlaşdırılmasını həzm edə bilmirlər. Elə güclər də var ki, münaqişənin yenidən qızışmasında maraqlı deyillər. Amma postmünaqişə dövründə konflikt tərəflərini öz strateji müttəfiqinə çevirmək məqsədi güdürlər”.

A.Aslanlıya görə, Azərbaycan postmünaqişə dövrünə keçildiyini bəyan edib:

“Bu mərhələ Azərbaycanın bütün ərazilərində suverenliyin tam bərpa edilməsi, sülh və əməkdaşlığın formalaşmasıdır. Strateji xətt belədir: - artıq münaqişə bitib, quruculuq olmalıdır. Ermənistanın təxribatlarının arxasında eyni zamanda bu mərhələni istəməmək dayanır. Azərbaycan isə bu quruculuğu sadəcə öz ərazilərində etmir, bütövlükdə regionun inkişafında maraqlıdır. Türkiyənin Sürix protokolları imzalanan zaman bir yanaşması vardı. Ankara bildirirdi ki, regionda sülh sadəcə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə əldə edilə bilməz. Regional sülh bütün regionu əhatə etməlidir. Azərbaycan bu yanaşmanı davam etdirir”. 

Ekspertin firkincə, Azərbaycan Ermənistanın provakasiyalarına qarşı bu dövlətin tələsinə düşmədən çox diqqətli addımlar atır:

“Ermənistanın təxribatları o həddə çata bilər ki, Azərbaycan 27 sentyabrda atdığı addımı təkrarlayar. Bizim informasiya siyasətimizdə boşluqlar var. Biz bunu İkinci Qarabağ savaşı başlayan müddətdə də gördük. Hərçənd, sonradan vəziyyət düzəldi. Məsələ burasındadır ki, ilk məlumatı biz çatdırmalıyıq. Və informasiya müharibəsi peşəkar aparılmalıdır. Təbii ki, cənab Prezidentin, Hikmət Hacıyevin vəziyyətlə bağlı xarici KİV-ə müsahibələri, yanaşmaları uğurlu oldu. Amma bütövlükdə informasiya mübarizəsi arzuolunan səviyyədə deyil. Keyfiyyət və operativliklə bağlı axsayırıq”.