Qarabağda Türkiyə faktoru artıq danılmazdır

Xankəndidəki separatçılar ya qaçmalıdır, ya da zərərsizləşdiriləcək


Xankəndidəki separatçı rejim “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi” hazırlayıb. Məqsəd keçmiş “DQMR” sərhədlərinə daxil olan ərazilərin yenidən işğal edilməsi, “status” məsələsinin dəfn edilməsinin qarşısının alınmasıdır. Birinci hədəf mümkün olmadığı üçün ikincini davamlı gündəmdə saxlamaq istəyirlər.

Hərçənd, bunun niyə indi, məhz Şuşa Bəyannaməsinin imzalanmasından bir gün sonra edilməsi “müəllifin” separatçı rejim olmadığı fikrini də önə çıxarır. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, separatçı Araik Arutyunyanın Rusiya səfərindən sonra Xankəndidəki separatçıların təlimat mərkəzinin İrəvandan Moskvaya transfer olduğunu bilirik:

“İstisna deyil ki, “ideyanın” müəllifi ruslardır. Çünki Şuşa Bəyannaməsi Qarabağda da situasiyanı dəyişdirdi. Azərbaycan sərhədləri daxilində dövlət suverenliyinə təhdid olan “status” istəklərinin qarşısında artıq Bakı ilə yanaşı, Ankara da rəsmi olaraq mövcuddur və Türkiyə faktoru üçüncü ölkələrin müdaxiləsinin qarşısını alır.

Bu həm də Xankəndidəki separatçıların taleyinin necə olacağını müəyyənləşdirdi: ya qaçmalı, ya da zərərsizləşdirilməlidir. Separatçılar Rusiya üçün erməni qoşunlarının çıxarılmasından sonra bölgədə istifadə edəcəkləri əsas rıçaqlardandır və bəyannamə bu rıçaqları da neytrallaşdırır.

Bu kontekstdə Şuşada imzaların atılmasından bir gün sonra Xankəndidə separatçıların irəli sürdüyü qondarma “qanun layihəsi” onların “sağ qalmasına” və “status” məsələsinin diri saxlanılmasına hesablanıb.

Hərçənd, Şuşa Bəyannaməsi belə cəhdlərin baş tutması gözləntilərini zəiflədir. Burada separatçıların 44 günlük müharibədən öncə Ermənistanın müharibəni yetişdirən addımlarına bənzər addımlar atması da diqqət çəkir. Qondarma “qanun layihəsi” ermənilərin yeni işğal planını elan etməsi deməkdir və bu, separatçıların neytrallaşdırılmasını zəruri edir”.