Erməni-rus təxribatı hələ də su bulandırır

Xankəndiyə 50 min erməninin daşınması xəbəri şişirdilmiş rəqəmdi


Xankəndidə etirazla qarşılaşan separatçı Araik Arutyunyan “Ermənistana möhtac olduqlarını” deyib və ciddi bir faktı etiraf edib. Seçki günü Ermənistanda, Nikol Paşinyanın qərargahında olduğu üçün tənqidə məruz qalan Arutyunyan “Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” deyə onu ittiham edənlərə sual ünvanlayıb. Yəni Araik hazırda sülhməramlıların nəzarət etdiyi ərazilərdə 35 min erməninin olduğunu etiraf edib.

Halbuki, Rusiya Müdafiə Nazirliyi və separatçıların yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilirdi. Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə Xankəndi və ətrafına 53 minə yaxın erməninin qaytarıldığını açıqlamışdı. “Qarabağ klanı” isə 105 min erməninin varlığından dəm vururdu. Əslində Arutyunyanın söylədiyi rəqəmi də şişirdilmiş hesab etmək olar. Rus sülhməramlılarının məsuliyyət zonasında maksimum 30 minə qədər erməninin məskunlaşdırıldığı barədə erməni mediasında dəfələrlə məlumatlar dərc olunub. 

Politoloq Əhəd Məmmədli “Şərq”ə vurğulayıb ki, 10 noyabr üçtərəfli sazişindən sonra Rusiyanın erməniləri avtobuslarla Xankəndiyə daşıdığı ilə bağlı xəbərlər yayılırdı. Rusiya Müdafiə Nazirliyi Qarabağa daşınan ermənilərlə bağlı çox yüksək rəqəmlər açıqlayırdı. Ə.Məmmədli həmin rəqəmlərə elə o vaxtdan skeptik yanaşdığını deyib:

“Bunun ruslar tərəfindən bir neçə dəfə şişirdilmiş rəqəm olduğunu demişdim. Əslində isə Xankəndiyə 50 min erməni daşınmadığını hamımız bilirdik. Gedənlər də üç-beş gün içində evlərini satıb geri döndülər. Rəqəmlərin şişirdilməsində məqsəd bizə bəllidir. Bu, erməni-rus provakasiyasıdır. Separatçılar isə ilk günlərdə hətta 100 min erməni olduğunu iddia edirdilər. Qarabağ 30 il işğal altında qalanda belə orada yüz min erməni olmayıb. Rusiya sülhməramlıları öz missiyasının öhdəsindən “layiqincə” gəldiyini və prosesi tezliklə nəzarətə götürdüyünü göstərmək üçün şişirdilmiş rəqəmlərdən istifadə edirdilər. Göstərmək istəyirdilər ki, guya, Qarabağa həyat qayıtdı, hər şey normala döndü və s. Həm də 5 ildən sonra fəaliyyət göstərmələri üçün özlərinə bir növ plasdarm yaratmaq istəyirlər”.