Xankəndidəki aksiyalarda Koçaryanın barmağı var

"Münaqişənin həll olunması “Qarabağ klanı”nın bütün təsir vasitələrini əlindən almış oldu"


İyunun 21-də Xankəndi erməniləri etiraz aksiyası keçiriblər. Etirazçılar separatçıların başçısı Araik Arutyunyanın “istefasını” tələb ediblər. Ermənilər bəyan ediblər ki, Arutyunyan “artsax”lıların mövqeyini əks etdirmir. Aksiya iştirakçılarından biri deyib ki, “kapitulyant Nikol Paşinyan və Arutyunyana görə təəssüf ki, Qarabağ türklərin nəzarəti aldındadır”.

Qeyd edək ki, seçki günü  Arutyunyanın İrəvanda, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” blokunun qərargahında olması “Qarabağ klanı”nı qəzəbləndirib. İstisna deyil ki, etirazlarda Robert Koçaryanın da barmağı var. İrəvanda Paşinyanın hakimiyyətə gəlməsi revanşistləri məcbur edir ki, nəyin bahasına olur-olsun Xankəndidə öz mövqelərini gücləndirsinlər. Yəni İrəvanda məğlub olan Koçaryan Paşinyana Xankəndidə cəbhə açıb.

Politoloq Tofiq Abbasov  “Şərq”ə açıqlamasında vurğulayıb ki, uzun müddət Ermənistan hakimiyyətinin əlindəki əsas “silah” Qarabağ məsələsi olub. Analitik vurğulayıb ki, münaqişənin həll olunması “Qarabağ klanı”nın bütün təsir vasitələrini əlindən almış oldu:

“Ermənistandakı seçkilər göstərdi ki, ictimaiyyətin Qarabağ kimi bir dərdi yoxdur. Ümumiyyətlə, ermənilər bu məsələdən bezib, təngə gəliblər. Ona görə də “Qarabağ klanı”nın heç bir vədinə aldanmır, Koçaryan-Sarkisyan cütlüyünün təşəbbüslərinə bel bağlamırlar. Ölkədə böyük əksəriyyət normal əməkdaşlığın faydalarının fərqindədir.

Sadəcə kiçik bir qrup “Qarabağ klanı”nın spekulyasiyalarında iştirak edir. Koçaryan qruplaşması Xankəndi ermənilərini ayağa qaldırmaqla göstərmək istəyirlər ki, guya hələ Qarabağ məsələsi bitməyib və proses davam edir.

Ancaq seçki öncəsi beynəlxalq qurumların Ermənistanda apardığı sorğuların nəticəsi bir daha sübut etdi ki, respondentlərin 98 faizi Qarabağı deyil, ölkədaxili problemlərin həllini istəyirlər”.

T.Abbasovun fikrincə, seçkidən sonra müşahidə etdiklərimiz Koçaryan və tərəfdarlarının, ümumiyyətlə, revanşist qrupların son çırpınışlarınıdır:

“Bundan sonra silahı yerə qoymayanlar, iddialarından əl çəkməyənlər sadəcə Azərbaycanın deyil, Ermənistanın da düşmənləridir. Artıq erməni xalqı ayılıb. Onlar “Qarabağ klanı”ndan birdəfəlik xilas olmağın yollarını axtarırlar. Çünki bu klan neçə illərdir ki, erməni xalqını girov saxlayırdı. Qarabağdakı revanşist tör-töküntülər, separatçılar torpaqlarımızı tərk etməsələr və təxribatlarına davam etsələr, rəsmi Bakının sərt üzünü görəcəklər”.