Ən böyük təhdid Qarabağda yaşayan etnik ermənilərdir

Paşinyanın bütün problemlərinin həlli sülh sazişindən keçir

Koçaryan və digər revanşist qüvvələr Xankəndidə ən ağlasığmaz təxribatlara baş vuracaqlar

Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələri Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı müzakirələrin ölkə gündəmindən çıxrılmasına zəmin yaratdı. Eks prezidentlər Robert Koçaryan, Serj Sarkisyan və digər müharibə canilərinin postmüharibə dövründə başlatdıqları revanşist dalğa, “Miatsum” hərəkatı iflasa uğradı.

Bu ideyanın Ermənistanda yenidən gündəmə gətirilməsi üçün əlverişli zəmin olmadığı bir daha öz təsdiqini tapdı. Bu həm də “Qarabağ klanı”nın Ermənistandakı ictimai rəyə təsir imkanlarının sıfır nöqtəsinə yaxınlaşdığını və birləşdirici amildən dağıdıcı siyasi-ideoloji faktora çevrildiyini sübuta yetirdi. Separatçıların Xankəndidən revanş götürmək cəhdlərinin də Ermənistanın ictimai rəyinə təsir göstərmədiyi göz qabağındadır. Ermənistanın aparıcı media qurumlarının Xankəndidən səslənən “istefa” şüarlarına əhəmiyyət verməməsi də sübuta yetirir ki, “Qarabağ” mövzusu ictimai rəydə ən sonucu yerlərdən birini tutur.

Siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, artıq Ermənistan vətəndaşları “Qarabağ” mövzusunu öz təhlükəsizliklərinə və bütövlükdə isə Ermənistanın bir dövlət kimi mövcudluğuna təhlükə kimi görürlər. Analitikin sözlərinə görə, açıq etiraf olunmasa da, bu, Ermənistanın siyasi hakimiyyəti daxil olmaqla, əksər siyasi partiyalarının qənaətini ifadə edir:

“Daha açıq və konkret desək, indi Ermənistan üçün əsas təhdid Azərbaycan və Türkiyə deyil, Qarabağda yaşayan etnik ermənilərdir. Əgər Xankəndidə separatçıların yenidən baş qaldırmasına imkan yaradılarsa və Rusiya sülhməramlıları prosesə müşahidəçi kimi yanaşarsa, bu, Moskvanın separatçıları tamamilə öz nəzarətinə keçirmək, oyuncaq bir rejim formalaşdırmaq niyyətindən xəbər verəcək. Koçaryan və digərlərinin məqsədi də elə bundan ibarətdir. Onlar istifadəyə yararlı olduqlarını sübuta yetirmək üçün bütün vasitələrdən yararlanacaqlar. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmağa çalışacaqlar. Məhz bu səbəbdən sülh sazişinin mümkün qədər tez zamanda imzalanması, həmçinin kommunikasiyaların açılması mövcud şəraitdə ilk nöbvədə Ermənistanın öz təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir”.

E.Mirzəbəyli düşünür ki, Paşinyan Ermənistan vətəndaşlarının sosial-iqtisadi durumunda nəzərəçarpacaq dəyişikliklər etməli və revanşist qüvvələrin əhatə dairəsinin maksimum daralmasına cəhd göstərməlidir:

“Bunun da yolu sülh sazişindən və 10 noyabr Bəyannaməsində nəzərdə tutulan tədbirlərin gerçəkləşməsindən keçir. Qənaətimə görə, Nikol Paşinyanın parlamentdən kənarda qalan siyasi qüvvələrin rəhbərləri ilə keçirdiyi görüşlərin əsas motivini də yuxarıda sadaladığım məqamlar təşkil edir. Parlament müxalifəti ilə məsələ aydındır. Onlar seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. Hətta onların iclaslara gəlməmələri də, nəticə etibarilə hökumətin formalaşmasına, həmçinin qərarların qəbul edilməsinə mane olmayacaq. Ermənistan qanunvericiliyində parlament azlığının iclaslara qatılmaması yolu ilə parlamentin buraxılması və təkrar seçkilərin keçirilməsi mexanizmi yoxdur. Koçaryan, Sarkisyan və digərləri, seçkilərin nəticələrini tanımadıqlarını bəyan etməklə, əslində özlərini çıxılmaz duruma salıblar. Bu bəyanatlardan sonra onların parlamentin iclaslarına qatılması onsuz çox aşağı olan reytinqlərini yerlə bir edə bilər”.

Politoloqun fikrincə, Koçaryan və himayəçiləri Ermənistanın ictimai rəyini zəhərləməyə davam edəcəklər:

“Robertin prezidentliyi dönəmində, Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyanın bu günlərdə yayımlanan məqaləsi bunu sübuta yetirir. Oskanyanın qənətinə görə, Azərbaycan ilk növbədə qısa müddət ərzində anklavlarla bağlı məsələni həll etməyə, sərhədlərin delimitasiya və demarkasiyası prosesini başa çatdırmağa çalışacaq. Rəsmi Bakının növbəti tələbi Zəngəzur dəhlizinin reallaşması, üçüncü istəyi isə sülh sazişinin imzalanması olacaq. Oskanyan bütün bunların Ermənistanin təhlükəsizliyi üçün ölümcül təhdidlər olduğunu, buna baxmayaraq Nikol Paşinyanın Azərbaycanın tələblərinə əməl etməyə hazırlaşdığını bildirib.

Robertin baş diplomatı düşünür ki, Ermənistanın gündəmini Azərbaycan müəyyənləşdirir və bu baxımdan da onlar öz suallarını yaratmalı və vasitəçilərin iştirakı ilə rəsmi Bakının bu suallara cavab verməsinə nail olmalıdırlar.

Oskanyanın məqaləsi mövcud zaman kəsiyində təsadüfən gündəmə gəlməyib. Verilən mesajlardan da açıq-aydın görünür ki, bu prosesdə hazırda Rusiya hakimiyyətində təmsil olunmayan, lakin bu ölkənin xarici siyasət idarəsinin nəzarətində olan Kazimirov kimi “diplomat”ların da barmağı var.

Rusiyadakı dairələr tərəfdarları “Qarabağ separatçıları” ilə bağlı məsələnin tarixin arxivinə göndərilməsini istəmirlər və müqavimət göstərməkdə davam edəcəklər. Bu baxımdan məğlub ölkənin gündəmi intensiv “raket atəşinə” tutulmalıdır”.