Müharibə artıq bitib

Sülh müqaviləsinə hazırlıq işlərinə başlanmalıdır

Ermənistan reallıqları dərk edib Bakının şərtlərinə əməl etməlidir

Azərbaycan tərəfi Cənubi Qafqaz regionuna dair baxış bucağını bir daha açıqladı. Rəsmi Bakı öz prinsipial mövqeyini regiondakı proseslərdə bilavasitə və dolayısı yolla iştirak edən bütün qüvvələrə bildirdi. Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə və Avropa İttifaqının nümayəndələri ilə Bakıdakı görüşü zamanı maraqlı məqamlara toxundu. Ümumən vurğulandı ki, Bakının yeni şərtləri bunlardır: - “Dağlıq Qarabağ” sözünün işlədilməməsi və Ermənistanın öz qonşuları ilə normal münasibətlər qurması və ərazi iddialarından əl çəkməsi.

Əgər Ermənistan hökuməti erməni cəmiyyətinin düşdüyü ağır vəziyyətdən çıxmaq və günahkarları cəzalandırmaq niyyətindədirsə, mütləq şəkildə gələcək siyasətinə korrektələr etməlidir. Rəsmi İrəvan unutmamalıdır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli saziş Qarabağla bağlı xəyallara son qoyub. Bundan sonra Xankəndidə və ətraf rayonlarda yaşayan erməni əhalisini illüziyalardan uzaqlaşdırmaq lazımdır. Ermənistan Bakının xəbərdarlığını qulaqardına vurarsa, bu, ermənilər üçün çox baha başa gələcək. Bundan sonra bölgədəki yeni proseslərdə Ermənistan özünü qeyri-adekvat apararsa, arxasında kimin olmasından asılı olmayaraq, daha bir şilləmiz ilə qarşılaşacaq. Prezident İlham Əliyev Ordumuzun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə xüsusilə bəyan etdi ki, Azərbaycan bundan sonra da güclənəcək və o cümlədən bizim hərbi gücümüz artacaq: “Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlayıb. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”. 

Dövlət başçısı iyunun 25-də Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirlərini qəbul edərkən növbəti dəfə “Dağlıq Qarabağ münaqişəsinin” həll olunduğunu və bununla bağlı danışıqların olmayacağını vurğulayıb.

Ölkə rəhbəri bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması deyil, bir çox başqa məsələlərlə bağlıdır: “Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik. Səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırıq. Bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır. Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq”. Prezident bəyan edib ki, əgər Ermənistanla sülh sazişimiz olmasa, bu o deməkdir ki, sülh də yoxdur: “Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil”. 

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov vurğulayıb ki, Prezident hərbçilər qarşısında çıxışı zamanı Ermənistan üçün ən düzgün qərarın nələr olmasına aydınlıq gətirib. Analitik qeyd edib ki, “Dağlıq Qarabağ münaqişəsi” həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır:

“Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Bu xəbərdarlıq və şərt də, ermənilər üçün çox vacib və məsuliyyətli istiqamətləri əhatə edir. Hazırda Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq üçün tarixi şans olduğu bir zamanda, tərəflər gələcəkdəki mümkün münaqişələrdən sığortalanmaq naminə, hər iki xalq üçün çox vacib sənədə imza atmalıdırlar. Əgər Paşinyan hakimiyyəti yaxın aylar ərzində Azərbaycanla bütün sərhədboyu demarkasiya və delimitasiya işlərini həll etsə, o, erməni xalqını gələcəkdə mümkün faciələrdən sığortalaya bilər. Hər kəsə məlumdur ki, Ermənistanda yaxın illər ərzində siyasi sistem qeyri-sabitliyi ilə seçiləcək, eyni zamanda, Azərbaycanla sərhəd bölgələrdə Koçaryan və əlaltılarının siyasi, hərbi təxribatları gözləniləndir. Belə olan halda, sərhədlərin müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi olduqca zəruridir və bu, ilk növbədə Ermənistana lazımdır. Əks təqdirdə, Azərbaycana qarşı istənilən təxribat Ermənistan dövləti üçün ciddi təhlükə yaratmış olacaq”.

Z.Məmmədov bildirib ki, yaxşı olardı ki, Ermənistan cəmiyyətindəki nisbətən ayıq dairələr bugünkü və gələcək reallıqları başa düşsünlər, Bakının şərtlərini yerinə yetirsinlər:

“Prezident Ermənistan tərəfinə bəlkə də bu dövlətin psevdo müstəqilliyi dövründə ən vacib xəbərdarlıqlarından birini etdi. Müharibənin yekunları və Azərbaycan Ordusunun torpaqları azad etməsindən 8 ay keçir və dünya ictimaiyyəti, heç bir təşkilat, heç bir dövlət Ermənistanın yanında real olaraq dayanmadı. Təsadüfi deyil ki, bu mövzuya bu yaxınlarda Levon Ter–Petrosyan da toxunaraq qeyd etdi ki, dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və Ermənistan Dağlıq Qarabağa təsir imkanını tamamilə itirib. Elə ötən həftə Avropa İttifaqının nümayəndələrinin Cənubi Qafqaza səfərinin yekunları da, yuxarıda deyilənlərin göstəricisi idi. Bölgəyə səfərlərinin ilk günü Bakıda olan qonaqlar Azərbaycan Prezidentinin bölgədəki proseslərlə bağlı fikrini nəinki nəzərə aldılar, hətta bir qədər də irəli gedərək dövlətimizin liderinin çıxışındakı vacib məqamları özləri üçün “yol xəritəsinə” çevirdilər. Aİ nümayəndələri, İrəvanda Azərbaycan və Ermənistan arasında əməkdaşlığın və etibarlı münasibətlərin yaradılmasının vacibliyindən danışıblar. "Qarabağın statusu", "Bakı və İrəvan arasında Dağlıq Qarabağın müzakirəsi" ifadələrindən istifadə etməyərək, ermənilərin hiddətinə səbəb olublar. Eyni zamanda, Ermənistanın paytaxtında avropalı siyasətçilər, Azərbaycana xəritələrinin qaytarılmasının vacibliyi haqqında danışıblar. Bütün bunlar sözsüz ki, Azərbaycanın güclü siyasi-iqtisadi gücü, hərbi-siyasi sahədəki tərəfdaşları ilə apardığı uğurlu siyasətinin göstəricisidir”. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin “Gülüstan” sarayında hərbçilərlə görüşdə etdiyi geniş, əhatəli çıxış Ermənistanın köhnə-yeni rəhbərliyi üçün böyük “yol xəritəsi”dir.

Partiya rəhbərinin sözlərinə görə, əgər Nikol Paşinyan həqiqətən də bundan sonra Ermənistan-Azərbaycan münasibətlərinin düzgün tənzimlənməsini və normallaşmasını istəyirsə, o, Robert Koçaryan kimi revanşistlərin, müharibə “bayquş”larının təhrikçi fikirləri ilə deyil, ölkə rəhbəri İlham Əliyevin çıxışında yer alan tezislər, mesajlar əsasında hərəkət etməlidir: “Prezident kifayət qədər açıq danışdı və bir sıra önəmli mesajlar verdi. Bu mesajlar ilk növbədə Ermənistana və onun xarici havadarlarına, ağalarına ünvanlanmış mesajlar kimi dəyərləndirilməlidir. Bu mesajlarda ermənilərin və Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ” terminini birdəfəlik unutmalı olmasından tutmuş sülh müqaviləsinin imzalanmasına, delimitasiya işinin aparılmasına hazırlaşmağa qədər bütün spektr əhatə olunub. Əslində Prezident İlham Əliyevin çıxışındakı mesajların hamısını vahid kontekstdə ümumiləşdirsək, dövlət başçımız hazırda bütün ermənilərin son ümid yeri kimi baxdığı Nikol Paşinyana başa salmaq istəyirdi ki, Azərbaycanın yürütdüyü prinsipial və ardıcıl siyasət nəticəsində hazırda Ermənistan regionda ən lazımsız və əhəmiyyətsiz ölkəyə çevrilib. Hətta son 200 ildə daim ermənilərə himayəçilik etmiş Rusiya da artıq Ermənistanla məsafə saxlamağa başlayır. Fransa, Niderland kimi ölkələrin Ermənistanı müdafiə etməsinin səmərəsizliyindən isə heç danışmağımıza dəyməz. Ermənistan adlı ölkə artıq heç kim üçün maraqlı, cazibəli deyil. Ermənistan qlobal oyunçular, aktorlar üçün artıq əvvəlki geosiyasi əhəmiyyətini itirib. İndi heç kim Azərbaycana və Türkiyəyə qarşı planlarını məhz Ermənistan üzərindən gerçəkləşdirməyə can atmır. Düzdür, bir ara Fransanın avantürist və qeyri-adekvat Prezidenti Emmanuel Makron bu istiqamətdə bir az canfəşanlıq göstərdi, Azərbaycana qarşı pressinq tətbiq etməyə çalışdı. Lakin Makronun bu səyləri uğursuzluğa düçar oldu və nəticədə o da geri çəkilmək məcburiyyətində qaldı. Beləliklə, hazırda nəinki supergüclər, hətta region dövlətləri də sözün hər mənasında acınacaqlı vəziyyətə düşmüş miskin Ermənistanla sıx iqtisadi əməkdaşlığa maraq göstərmir”. 

Ə.Hüseynov vurğulayıb ki, hazırda Azərbaycan ilə Ermənistanın münasibətləri düşmən ölkələr fazasında olmağına baxmayaraq, bu gün Ermənistanın taleyi nə Moskvadan, nə Parisdən və də Vaşinqtondan asılıdır:

“İrəvanın gələcəyi məhz rəsmi Bakının tutacağı mövqeyindən, yürüdəcəyi siyasi kursdan asılıdır. Ümumiyyətlə, bu gün Cənubi Qafqazdakı geosiyasi, iqtisadi proseslərdə, o cümlədən nəqliyyat-kommunikasiya məsələlərində həlledici mövqe sahibi, diktə edən tərəf Azərbaycandır. Ermənistan bu bölgədə proseslərə hər hansı formada təsir gücünü büsbütün itirib. Bunu Ermənistanın rasional düşünən ekspertləri özləri də etiraf edirlər. Ermənilər başa düşməlidir ki, Ermənistanın çıxış yolu revanşizmdə deyil. Müharibə canisi Robert Koçaryanın son seçkilərdə məğlubiyyətə uğraması bir daha göstərdi ki, bu gün erməni cəmiyyətinin mütləq çoxluğu artıq müharibəyə, terrora, qonşulara qarşı qəsbkarlığa, təxribatlara ümid bəsləmir. Terror və müharibə dövrü bitdi, millətçi-faşist hərəkatlar dövrü artıq arxada qalıb. İndi ermənilər revanşizmə köklənməklə, Azərbaycan ərazilərini atəşə tutmaqla onsuz da heç nəyə nail olmayacaqlar. Əksinə, bu, Ermənistanı bir az da ağır duruma sürükləyəcək və bir dövlət kimi tamamilə məhvinə səbəb olacaq. İlham Əliyevin də son çıxışında bildirdiyi kimi Azərbaycanın dəmir yumruğu həmişə hazır vəziyyətdədir. Odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi olan-qalan ağlını başına yığmalı və erməni xalqının seçkilərdə ona verdiyi “kart-blanş”dan və Azərbaycanın sülhə, əməkdaşlığa çağırışlarından sonuncu fürsət kimi düzgün yararlanmağa çalışmalıdır. Ermənistan rəhbərliyi konkret real addımlar atarsa, bu, İrəvanın düşmənçilik mövqeyindən əl çəkməsi kimi qəbul ediləcək. Yalnız bu halda Ermənistan öz qonşularıyla normal münasibətlərin qurulmasına ümid bəsləyə bilər”.