Rusiya sülhməramlıları 5 ildən sonra  ərazilərimizi tərk etməyə məhkumdur

 Şuşa Bəyannaməsi və Türkiyənin istənilən vaxt bölgəyə hərbi qüvvə yerləşdirmək imkanları Kremli daha da çıxılmaz duruma salıb

“Rusiya sülhməramlılarının bölgədə uzun müddətə qalması istəyi həm Rusiyanın, həm də separatçı rejimin arzusudur”. 

Bunu “Sherg.az”a açıqlamasında İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev deyib. 

T.Musayev bildirib ki, Rusiya, xüsusilə də ABŞ tərəfindən dəstəklənən Paşinyanın hakimiyyətə gəlişindən sonra Cənubi Qafqazda mövcudluğunun təhlükə altında olduğunu hiss edir: 

“Rusiya yaxşı bilir ki, Paşinyanı hakimiyyətə gətirən Qərb dairələri gec-tez ondan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı addımlar atmağı tələb edəcəklər. Bu isə Rusiya üçün Cənubi Qafqazın tamamilə əldən çıxması anlamına gəlir. Çünki Azərbaycan və Gürcüstanda Rusiya hərbi bazaları mövcud deyil və nə vaxtsa olacağı ilə bağlı da heç bir perspektiv yoxdur. Bunu yaxşı başa düşən Rusiya hər vəchlə özünə daha yaxın, sözə baxan qüvvələrin hakimiyyətə gəlişinə çalışırdı. Son seçkilərdə Köçəryanın müdafiə edilməsi də buna xidmət edirdi. Lakin həmin gözləntilər özünü doğrultmadı. Əksinə indi erməni cəmiyyətində və hakimiyyətində Rusiyaya qarşı olan münasibət özünü mənfiyə doğru daha qabarıq şəkildə büruzə verməkdədir”. 

Analitik bildirib ki, Şuşa Bəyannaməsi və Türkiyənin istənilən vaxt bölgəyə hərbi qüvvə yerləşdirmək imkanları, bununla da faktiki olaraq həm də NATO-nun regiona yerləşməsi Rusiyanı daha da çıxılmaz duruma salıb: 

“Rusiya regionda öz mövcudluğunu qoruyub saxlamağın tək yolunu guya ki, “sülhməramlı” missiya həyata keçirdiyi ərazidə uzun müddət qalmaqda görür. Bunun üçün də ayrı-ayrı ictimaiyyət nümayəndələrinn dili ilə həm Azərbaycana, həm də Ermənistana mesajlar verilir ki, “bizim regionu tərk etmək fikrimiz yoxdur”. Bunu Rusiya TV-nin reportajlarından da görmək olur. Elə bir neçə gün əvvəl Rusiya telekanalı Laçın dəhlizindən hazırladığı reportajda Xankəndində olan ermənilərdən müsahibə alaraq onların Rusiya pasportu daşımaq istədiyini təbliğ edirdi. Separatçı rejim təmsilçilərinin də Rusiyanı qarant olaraq görməsi və eyni mövqe sərgiləməsi bir tərəfdən həmin ərazilərə köçürülmüş lakin sayları hər keçən gün azalan erməniləri arxayın salmağa, digər tərəfdən isə Rusiyanın vassalı olaraq mövcudluqlarını davam etməyə hesablanıb”. 

T.Musayev vurğulayıb ki, Rusiya isə şirnikləşdirilərək və aldadılaraq Xankəndinə və ətraf ərazilərə köçürülən ermənilərin orda qalmaq istəmədiyini və bölgəni tərk etdiyini gördüyü üçün Rusiyanın qarant olması ilə bağlı fikirləri mütəmadi olaraq dövriyyəyə buraxır: 

“Çünki ermənilərin həmin ərazdiən köç etməsi ona gətirib çıxracaq ki, Rusiyanın hər hansı bir missiya həyata keçirməsinə ehtiyac qalmayacaq. Amma kimin nə deməsindən asılı olmayaraq, Rusiya və ya separatçı rejimin arzularından asılı olmayaraq ortada üçtərəfli bəyanat var və həmin bəyanatın da şərtlərinə müvafiq olaraq Rusiya “sülhməramlıları”nın bölgədə qalma müddəti 5 ildir. 4 il yarımdan sonra tərəflərdən hər hansı birinin tələbi ilə onlar ərazilərimizi tərk etməyə məhkumdurlar və bu belə də olacaq”.