"Rusiyanın çirkli oyunlarından şübhələnirəm"

 "Moskva qarşılıqsız heç bir addım atmır və bu məqam məni çox narahat edir" 

"200 minə yaxın minaların, özü də müharibə zonası olmayan, dinc əhalinin yaşadığı yerlərə basdırılması ilə bağlı heç bir hüquqi iş görməmişik"


Məlum olduğu kimi iyulun 3-də Ermənistan 15 erməni silahlısının azad edilməsi müqabilində Füzuli və Zəngilanda basdırılan 92 mindən çox minanın xəritələrini Azərbaycana təqdim edib. Budəfəki vasitəçilik missiyasını Rusiya həyata keçirib. Bununla bağlı rəsmi Bakı rus sülhməramlılarının komandanı Rustəm Muradova təşəkkürünü ifadə edib. Xatırladaq ki, bundan öncə iyunun 12-də Ermənistandan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr alınmışdı.

Həmin proses isə ABŞ və Avropa təşkilatlarının, o cümlədən Gürcüstanın müdaxiləsi ilə baş tutmuşdu. Şübhə yox ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışını sürətləndirəcək. Avropa İttifaqının Cənubi Qafqaz regionu və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar xəritə və “əsir” mübadiləsini alqışlayıb. ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde də növbəti razılaşmanı təqdirəlayiq hesab edib: “Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümid edirəm ki, daha çox etimad yaratma ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında dayanıqlı nizamlanma üçün yol aça bilər”. Ekspertlərin fikrincə, Moskva amerikalıların bundan əvvəlki gedişinə qarşı vasitəçiliyi öz üzərinə götürmək qərarına gəlib. Keçən dəfə Ağdamın mina xəritəsini amerikalılar gürcülərin əli ilə aldılar. Topu ruslara ataraq iddia etdilər ki, xəritə daha əvvəl ruslara verilibmiş. Moskva isə göstərdi ki, əsas vasitəçi odur və “lazım olanda” hətta 2 rayonun minalanmış xəritəsini belə əldə edə bilir. Əlbəttə, mina xəritəsinin nə qədər dəqiq olduğunu demək çətindir. Ancaq müəyyən hissəsi saxta olsa belə, Azərbaycan tərəfi xəritələri almaqda maraqlıdır. Çünki burada söhbət vətəndaşlarımızın həyatından və köçkünlərin Qarabağa qayıdışından gedir. Quruculuq və qayıdışın tezliklə başlaması üçün xəritələrin ermənilərdən alınması şərtdir. Başqa tərəfdən, xəritə və erməni diversantların mübadiləsi “əsir” söhbətini də bağlayacaq. Bu həm də dünya ictimaiyyətinin və Qərb strukturlarının neytrallaşdırılması baxımından önəmlidir. 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Şərq”ə açıqlamasında vurğulayıb ki, bir müddət əvvəl Nikol Paşinyan xəritələrin hamısını Rusiyaya verdiklərini bəyan etmişdi. Partiya rəhbərinin sözlərinə görə, əgər bugünədək minalanmış ərazilərin xəritələri Azərbaycan tərəfinə verilməyibsə, burada əsas günahkar Moskvadır:

“Rusiya gördü ki, onun iştirakı olmadan belə digər tərəflərin, xüsusən Qərbin müdaxiləsi, Gürcüstanın vasitəçiliyi ilə xəritələrin alınması mümkündür. Kreml dərk etdi ki, Rusiya bu məsələdən kənarda qalsa da, xəritə ilə erməni hərbçilərin mübadiləsi prosesi gedəcək. Bunun baş verməsi isə Rusiyanın Cənubi Qafqazda, xüsusən Azərbaycandakı nüfuzuna ciddi zərbə vuracaq. Həm də rus “sülhməramlılarının” Qarabağda olduğu faktını nəzərə alsaq, xəritələrin Ermənistandan Rusiyanın iştirakı olmadan alınması Kreml üçün arzuolunmazdır. Ona görə də Moskva xəritə məsələsini nəzarətinə almağa başladı. Onu da unutmayaq ki, dövlət başçısı İlham Əliyevin ABŞ Prezidenti Co Baydenə yazdığı təbrik məktubunda Ermənistanla sülh danışıqlarında vasitəçilik etməsi üçün Vaşinqtona müraciət etmişdi. Çox güman ki, bu məqam da Kremlə ciddi siqnal olub. Rusiya görür ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması onun iradəsindən kənarda baş verir. Moskva regionda yaşananların onun inhisarından çıxa biləcəyinin fərqindədir. Ən azından özünü daha konstruktiv aparmağa çalışır. Müharibə bizim ərazimizdə gedib, dağıntıya məruz qalan tərəf bizik. Xəritələr nə qədər tez əldə olunsa, itkilərimiz az olar və quruculuq prosesi daha tez başlayar”. 

Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu isə “Şərq”ə vurğulayıb ki, harada Rusiyanın barmağı varsa, o işdən şübhə duymaq lazımdır. Partiya sədri hesab edir ki, Kremlin iştirakı ilə baş tutan prosesdə mütləq Azərbaycan dövləti və xalqı əleyhinə nələrsə var:

“Rusiyanın türk xalqlarına qarşı düşmənçiliyi davam etməkdədir. Ötən gün Putinin sözçüsü sayılan Jirinovskinin Azərbaycan və Türkiyə əleyhinə söylədiyi fikirlər bunu sübuta yetirir. Moskvadan xeyirli iş gözləmək əbəsdir, sadəlövhlükdür. Rusiyanın çirkli oyunlarından çox şübhələnirəm. Moskva qarşılıqsız heç bir addım atmır və bu məqam məni çox narahat edir. Digər tərəfdən xəritə məsələsindən daha çox ermənilərin beynəlxalq hüququ pozaraq ərazilərimizə bu qədər sayda mina basdırmaları ilə bağlı məhkəmələrə müraciət olunması daha ciddi məqamdır. Beynəlxalq hüquqa görə insanlar əleyhinə minalardan istifadə qadağan edilib. Amma 200 minə yaxın minaların, özü də müharibə zonası olmayan, dinc əhalinin yaşadığı yerlərə basdırılması ilə bağlı heç bir hüquqi iş görməmişik. Halbuki, ortada kifayət qədər dəlil-sübutlar var, xəritələr də ən yaxşı sübutdur”.