Türkiyə Qarabağda var olacaq

"Ərdoğan Türkiyənin hərbi aktivliyini artırmağa mane olan “zəncirləri” qırmaq istəyir"

“Bizə dedilər ki, Qarabağda, Suriyada, Liviyada, Aralıq dənizinin şərqində nə işiniz var?”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada Tank fabrikinin kollektivi ilə görüşdə bildirib. Türkiyə lideri vurğulayıb ki, bunu deyənlər ya dünyadan xəbərsizdir, ya da düşmən mövqedə dayananlardır: “Biz Liviyada da varıq, Azərbaycanda da varıq, Suriyada da varıq, Aralıq dənizinin şərqində də varıq və bundan sonra da olacağıq. Gələcək nəsillərə qoya biləcəyimiz ən böyük miras hər sahədə olduğu kimi, müdafiə sahəsində də olacaq, bunun üçün yatırım edirik”. 

Qardaş ölkə rəhbərinin Qarabağla bağlı səsləndirdiyi fikirləri “Şərq”ə dəyərləndirən siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib ki, Ərdoğanın bəyanatları Ankaranın bölgədə dayanıqlı güc mərkəzi kimi qalacağına işarədir. Ekspertin sözlərinə görə, Ankara Liviyada, Şərqi Aralıq dənizində, Suriyada, İraqda hərbi iştirakını və siyasi iradəsini gücləndirdikdən sonra regional gücə çevrilə bilib. İndi isə yeni coğrafiyaya - Cənubi Qafqaza da pənah gətirib:

“Türkiyə Ağdamdakı atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzində Rusiya ilə bərabər hüquqlu mövqeyə malikdir. Bununla belə Ankaranın bölgədə hərbi iştirakı Moskva ilə nisbətdə məhduddur. İndi Ərdoğan Türkiyənin hərbi aktivliyini artırmağa mane olan “zəncirləri” qırmaq istəyir və zamanla bunun gerçəkləşəcəyi qaçılmaz hala gəlir. Türkiyə liderinin çıxışında “Biz Liviyada da, Azərbaycanda da varıq, Suriyada da Şərqi Aralıq dənizində də varıq, olmağa da davam edəcəyik” deməsi də Ankaranın xarici siyasət strategiyasının perspektiv planlarının ümumiləşdirilmiş bəyanıdır. Ərdoğanın açıqlaması Antalyada baş tutan Mövlud Çavuşoğlu-Sergey Lavrov görüşü kontekstində də diqqət çəkir. Göstərir ki, Kremllə Türkiyə arasında Qarabağa dair fikir ayrılıqları çoxdur və Çavuşoğlu-Lavrov görüşündə Rusiya Ankaranı hərbi iştirakı məhdudlaşdırmaq üçün inandırmağa çalışıb. Lakin Ankara Kremldən təqdim edilən “dəlillərə” etibar etmir və regionda güclənmək üçün hərbi iştirakı mütləq zərurət hesab edir”. 

Analitikə görə, Kremlin narahatlıqları Şuşa Bəyannaməsindən sonra artmağa başlayıb:

“Rəsmi səviyyədə açıq deyilməsə də, Rusiya hakimiyyətinə yaxın resurs və ekspertlər tərəfindən bu qısqanclıq dilə gətirilir. Bu mənada Ərdoğanın açıqlaması eyni zamanda Şuşa Bəyannaməsinin praktiki icrasında Ankaranın prinsipial və qətiyyətli mövqedə dayanacağının göstəricisidir. Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin yeni geosiyasi şərtlər altında Türkiyə tərəfindən zəmanətə alınmasıdır. Bu kontekstdə cənab Ərdoğanın “var olacağıq” ismarıcı Bakı üçün də əhəmiyyətli hesab olunur. Ərdoğan əslində bildirir ki, Qarabağda bundan sonra genişmiqyaslı təxribatlar olarsa, Ankara birbaşa müdaxilə imkanlarından yararlanacaq. Böyük güclər, o cümlədən Rusiya və Qərb Azərbaycanın müharibədə qazandığı qələbədən sonra Türkiyə ilə hesablaşmağa məcburdur”.