Tarixi ədalət bərpa olunur

“Şərqi Zəngəzur” ifadəsinin dövriyyəyə gətirilməsi yeni geosiyasi reallığın təməlini qoydu

İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. Qarabağın zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə bölgənin hərtərəfli inkişafı hədəflənir. Belə olduqda işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması şərti ortaya çıxır. Məlum olduğu kimi ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı. Yeni bölgü işlərin vahid proqram əsasında aparılmasına əhəmiyyətli töhfə verəcək. İlk növbədə tarixi reallığı və iqtisadi səmərəliliyi özündə ehtiva edir. Eyni zamanda, bu, Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin daha bir uğurlu nəticəsidir.

Çünki bu, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlik mühüm  siyasi-strateji qərardır. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu qərarla Şərqi Zəngəzurun öz tarixi adı bərpa edilir. Eləcə də Xankəndi və Xocalının Qarabağ iqtisadi rayonuna daxil edilməsi olduqca tarixi əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, iqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə bildirib ki, siyasi leksikonumuza “Şərqi Zəngəzur” siyasi termininin, eləcə də Xankəndi, Xocalı, Xocavəndin Qarabağ iqtisadi rayonuna daxil edilməsi son günlərin ən mühüm hadisəsi sayılmalıdır. Partiya rəhbərinin sözlərinə görə, bu addım öz əhəmiyyətinə və çəkisinə görə 10 noyabr Bəyanatından və 15 iyun Bəyannaməsindən əsla geri qalmır:

“Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması çox gözəl addımdır. Bununla bütün dünya ictimaiyyətinə açıq mesaj verilir ki, Zəngəzur bütövlükdə tarixi Azərbaycan torpağıdır. Həmin torpağın bir hissəsi - Qərbi Zəngəzur faktiki olaraq Ermənistanın girovluğunda qalmaqdadır. Azərbaycan Prezidenti “Şərqi Zəngəzur” ifadəsini dövriyyəyə gətirməklə bölgədə yeni geosiyasi reallığın təməlini qoyur. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının “Şərqi Zəngəzur” adı altında vahid iqtisadi rayonda birləşdirilməsi necə deyərlər, günümüzün zəruri tələbi idi. Eyni zamanda bununla həm də tarixi ədalətin bərpası üçün, Zəngəzur qəzasının gerçək sahibinin kimliyini dünyaya bəyan etmək üçün hüquqi zəmin yaradılmış oldu. Yeni Qarabağ iqtisadi rayonu isə “Dağlıq Qarabağ münaqişəsi”ni və qondarma “Artsax” anlayışını həmişəlik olaraq tarixə gömdü”.

Ə.Hüseynov bəyan edib ki, sözügedən fərmanın imzalanması ilə rəsmi Bakı hamıya mesaj verdi ki, Azərbaycan Xankəndi, Xocalı, Xocavənd üzərində öz suverenliyini dinc yolla bərpa etmək əzmindədir və bu, qaçılmazdır:

“Xankəndidə tezliklə Azərbaycan bayrağının dalğalanacağına heç kimdə zərrə qədər şübhə qalmadı. Orada yaşayan mülki ermənilər də artıq bu yeni reallığa hazır olsunlar. Ölkəmizin digər ərazilərində olduğu kimi Xankəndidə və ətraf ərazilərdə də yalnız Azərbaycan qanunları işləyəcək. Bu, rəsmi Bakının prinsipial mövqeyidir və bu mövqe həqiqətən də alqışalayiqdir”.