İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

Görülən işlər həqiqətən çoxdur

Mərhələli şəkildə insanlarımız öz torpaqlarına qayıdacaqlar

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrimizdə sürətli şəkildə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Azərbaycanın dövlət başçısı bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə olunacağını, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacağını bildirib. Artıq Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Zəngilanda, Laçın və Kəlbəcərdə də beynəlxalq hava limanları inşa ediləcək. Hazırda azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar. İşğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçirilir. 

Erməni vandallarının 30 il ərzində yaşayış və ictimai binaları yerlə-yeksan edərək dağıtması, bütün infrastruktur obyektlərini, maddi-mədəniyyət abidələrini məhv etməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması və həmin ərazilərə yenidən həyatın qayıtması böyük vəsait tələb edir. Məlum olduğu kimi 2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcək. Əlbəttə, bu, ilkin məbləğdir və Qarabağın dirçəlməsinə davamlı şəkildə vəsait ayrılacaq. İşğdaldan azad edilmiş bəzi bölgələrdə infrastruktur mövcud olsa da, bəzi bölgələrdə hər şey sıfırdan tikilməlidir. Bunları nəzərə alaraq demək olar ki, müxtəlif bölgələrə fərqli dövrlərdə mərhələli şəkildə məskunlaşma mümkün ola bilər. 2016-cı il aprel döyüşlərində düşməndən azad etdiyimiz Cocuq Mərcanlı kəndində məskunlaşma 1 il sonra başlanmışdı. Bu təcrübəni nəzərə alaraq deyə bilərik ki, 2021-ci ilin əvvəlindən etibarən iri yaşayış məntəqələrində məskunlaşmaya start verilməsi mümkündür. Bir neçə gün əvvəl xarici işlər nazirinin müavini Elnur Məmmədov da bildirib ki, gələn ildən köç prosesinə başlana bilər. Onun sözlərinə görə, hazırda Füzuli hava limanının tikintisi davam edir: “Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir. Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin növbəti ilin yanvar ayında köçürüləcəyi gözlənilir. Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir”. E.Məmmədov həmçinin ifadə edib ki, Ermənistan işğal etdiyi ərazilərdə "yandırılmış torpaq" siyasətindən istifadə edib. O xatırladıb ki, ötən il Azərbaycan 10 min kvadrat kilometrdən çox ərazisini işğaldan azad edib: “Bu ərazilər 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Onlar işğal olunmuş ərazilərdə bilərəkdən hər bir evi, ictimai binaları, infrastruktur obyektlərini, məktəb və xəstəxanaları yerlə-yeksan ediblər. Onlar bunu həmin ərazilərə qayıtmağı gözləyən məcburi köçkünlər üçün orada yaşayışı qeyri-mümkün etmək üçün ediblər”.



Millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazandıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpa işlərinə start verilib. Deputatın sözlərinə görə, həcm və miqyas baxımından görülən işlər həqiqətən çox nəhəngdir:

“Füzulidə beynəlxalq hava limanının tikintisi, nəqliyyat yollarının çəkilməsi, digər infrastrukturların həyata keçirilməsi sürətlə davam etdirilir. Dövlət başçısı işğaldan azad edilmiş əraziləri “yaşıl zona” adlandırıb. Bölgədə külək, su və günəş enerji stansiyalarının qurulması nəzərdə tululur. Eyni zamanda dəmiryol xətlərinin çəkilişinə başlanılıb. Ağdam rayonunun baş planı da hazırdır. Ölkə rəhbərinə təqdim olunub və təsdiqlənib. Zəngilan rayonunda birinci “ağıllı kənd” pilot layihəsi 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq”. 

Parlament üzvünün qənaətincə, dövlət başçısının işğaldan azad edilmiş rayonlarımıza dəfələrlə səfər etməsi, bir çox layihələrin təməlinin qoyulması, aparılan işlərlə yaxından maraqlanması, yeni tapşırıqların verilməsi hər birimizdə əminlik yaradır ki, mərhələli şəkildə insanlarımız öz torpaqlarına qayıdacaqlar:

“Ölkə rəhbərinin istəyi odur ki, vətəndaşlarımız öz yurdlarına geri döndükdə bütün infrastruktur qurulmuş olsun. Onların məşğulluğu və təhlükəsizliyi təmin edilsin. Təbii ki, hər şeydən öncə ərazilərimiz minalardan təmizlənməlidir. Dövlət başçısı cənab İlham Əliyevin səyi nəticəsində artıq 3 rayonun – Ağdam, Zəngilan və Füzuli rayonlarının ərazisinin minalanmış xəritələri Ermənistandan alınıb. Bu da təqribən 190 min ədədə yaxın piyada və tank əleyhinə minaların yerinin müəyyən edilərək zərərsizləşdirilməsi deməkdir. Ərazilərin təhlükəsizliyinin təmin olunması insanların öz doğma yurdlarına köçünü daha da sürətləndirəcək. Əgər xəritələri əldə edə bilməsəydik, xeyli vaxt itkisinə səbəb olardı”.