Tovuz döyüşlərindən 1 il ötür

Polad Həşimovla başlanan qəhrəmanlıq dastanı zəfərlə bitdi

Azərbaycan Ordusunun şanlı qəhrəmanlıq səhifələrindən biri olan Tovuz döyüşlərindən bir il ötdü. Vətən müharibəsi kimi Tovuz hadisələri də hərb tariximizin şərəfli səhifələrindəndir. Həmin döyüşlərdə işğalçı Ermənistan silahlı qüvvələrinə layiqli cavab verən Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirərək geri çəkilməyə məcbur etdi. 16 iyuladək davam edən döyüşlərdə böyük qəhrəmanlıq göstərən general-mayor Polad Həşimov və digər hərbiçilərimiz şəhidlik zirvəsinə yüksəldilər.

2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozdular. Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutdular. Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olundu. Düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atdı. Amma düşmənin təxribatının qarşısı alındı və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edildi. Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhidlik zirvəsinə yüksəldi, 5 nəfər yaralandı. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verdi.

Tovuz istiqamətində gərginlik iyulun 13-nə keçən gecə də davam etdi. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı və heç bir ərazi itkisi olmadı. Döyüşlərdə general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov başda olmaqla 12 hərbi qulluqçumuz şəhid oldu. 

Tovuz döyüşləri zamanı böyük insan izdihamı ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirildi. İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü baş tutdu. Yürüşdə xalq Azərbaycan Ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini yüksək səviyyədə bəyan etdi.

Minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon şöbələrinə axışıb könüllü olaraq orduya yazıldılar. 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı. 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanıldı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları düşməndən azad edildi.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, Tovuz döyüşlərində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına Azərbaycan Ordusu sarsıdıcı cavablar verdi. Deputatın sözlərinə görə, düşmən ölkəmizin hərbi qüdrətini bütün ağırlığı ilə öz üzərində hiss etdi:

“Bu, Azərbaycan Prezidenti, cənab İlham Əliyevin apardığı düzgün siyasi kurs nəticəsində mümkün olmuşdu. Cəmiyyətin Prezidentin siyasətini dəstəkləməsi, dövlətimizin iqtisadi gücü və yüksək siyasi nüfuzu Ermənistana layiqli cavabı verməyə imkan yaratmışdı. Tovuz döyüşləri 2016-cı il aprel döyüşlərindən gələn qələbə əzmini daha da gücləndirdi. Azərbaycan xalqının Ermənistanın işğal faktına dözmək fikrində olmadığını bir daha göstərdi. Qarşıda isə Azərbaycanı tarixi kökündən dəyişən və ərazi bütövlüyümüzü təmin edən şanlı Vətən müharibəsi gözləyirdi”.

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu da bildirib ki, Tovuz döyüşləri və general Polad Həşimov başda olmaqla hərbçilərimizin şəhid olması yığılmış qəzəbin üzə çıxmasına səbəb oldu:

“İlk dəfə general və onunla birlikdə eyni vaxtda bu qədər yüksək rütbəli hərbçi cəbhədə şəhid olmuşdu. Bu hadisə xalqı sözün həqiqi mənasında tərpətdi. “Kasanın dolması üçün lazım olan son damla” generalın şəhadəti oldu. Tarix boyu bir çox böyük hadisələr olub ki, bir təkanla alovlanıb. Qarabağ müharibəsində də general Polad Həşimov və digər hərbçilərin Tovuzda şəhid olması bu cür hadisə oldu. Bütün tərəflərdən yetişən hadisənin alovlanması üçün qığılcım lazımdı. O “qığılcım” isə Tovuz hadisəsi idi. Xoşbəxt insan odur ki, onun həyatı və ölümü xalqı üçün xeyirli bir işə xidmət edir”.