“Şuşa İli”ndən gözləntilərim böyükdür"

Tahir İmanov: "Elə etməliyik ki, bütün dünya ilə yanaşı, bizim gənc nəsil də əsl Azərbaycan musiqisini tanısın, eşitsin, qulaq assın"

"Teleməkanda, xüsusən də özəl televiziyalarda, bilirik ki, bayağı musiqi, bayağı mahnıların səslənməsi üstünlük təşkil edir, Azərbaycan musiqisinə aid olmayan harmoniya hökm sürür. Bu cür alaq otlarının fonunda qızılgüllərin açması əsl Azərbaycan mədəniyyətinin təbliği olacaq"

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. 

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlayan Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılır ki, “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
Təbii ki, cənab Prezidentin məlum sərəncamı hər bir azərbaycanlını sevindirir, qürurlandırır. Şuşanın qəlbimizdə müstəsna yeri var və 2022-ci ilin “Şuşa İli” elan edilməsi də ümummilli bayram kimi qarşılanır. 

Prezidentin məlum sərəncamından böyük fəxr duyduğunu deyən əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əslən şuşalı, Xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərovun nəvəsi Tahir İmanov “Şərq”ə açıqlamasında qeyd etdi ki, “Şuşa İli” timsalında 2022-ci il Azərbaycan mədəniyyətinin daha bir təntənəsi olacaq: - Əlbəttə, bir azərbaycanlı və əsli – həm ana, həm də ata tərəfdən şuşalı olan biri kimi çox sevinirəm.

Bu, olmalıydı. Hamı bunu gözləyirdi. Yenə də, cənab Prezident 2022-ci ili “Şuşa İli” elan etməklə xalqın istəyini, arzusunu gerçəkləşdirdi. Bu, bütün xalqımız üçün qürurverici, sevindirici bir hadisədir. Biz ötən 30 il ərzində Şuşanın yubileylərini, “ad günləri”ni Şuşasız keçirirdik. 30 ildən sonra nəhayət, Şuşanın yubileyi, Şuşanın “doğum günü”nün 270-ci ildönümünü Şuşada, Şuşayla birgə keçirəcəyik. 

Bundan böyük sevinc, bundan böyük xoşbəxtlik ola bilməz. Mən nə gözləyirəm “Şuşa İli”ndən? Təbii ki, dövlət səviyyəsində lazımi tədbirlər keçiriləcək, sərəncamda da bunlar qeyd edilib. Hesab edirəm ki, “Şuşa İli”ndə hər bir aəzrbaycanlı Azərbaycan mədəniyyətinin təbliği üçün çalışmalıdır. Əsl Azərbaycan musiqisini, əsl Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər olmalıdır. Teleməkanda, xüsusən də özəl televiziyalarda, bilirik ki, bayağı musiqi, bayağı mahnıların səslənməsi üstünlük təşkil edir, Azərbaycan musiqisinə aid olmayan harmoniya hökm sürür. Bu cür alaq otlarının fonunda qızılgüllərin açması əsl Azərbaycan mədəniyyətinin təbliği olacaq. Biz Azərbaycan mədəniyyətini tanıyırıq, çünki onu görmüşük, Azərbaycan musiqisinin əhatəsində böyümüşük, amma gənc nəsil bunları görməyib. 

Şəxsən mənim “Şuşa İli”ndən gözləntilərim böyükdür. Elə etməliyik ki, bütün dünya ilə yanaşı, bizim gənc nəsil də əsl Azərbaycan musiqisini tanısın, eşitsin, qulaq assın. Görsünlər ki, Azərbaycan musiqisi necə səslənir. Həm də peşəkarların ifasında. 

Dövlət Simfonik orkestri, kamera orkestri, xalq çalğı alətləri ansamblının ifasında Azərbaycan musiqisi doğma simasını tapacaq. Necə ki, biz bunu Şuşada keçirilən “Xarı bülbül” festivalında gördük, müşahidə etdik. Hesab edirəm ki, “Şuşa İli” Azərbaycan mədəniyyəti, incəsənətinin növbəti təntənəsi olacaq.