"Müharibə davam edəcək"

Əhəd Məmmədli: "Moskva BMT-yə və beynəlxalq prinsiplərə saymazyana yanaşırsa, hətta lağ-lağı edirsə, bunun səbəbi ABŞ və Avropa ölkələrindədir"

  Rusiya işğal etdiyi Zaporojye Atom Elektrik Stansiyasının (AES) Ukrayna tərəfindən atəşə tutulması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski informasiyanı təsdiqləyib. Qeyd edək ki, Zaporojye AES Ukraynanın Enerqodar şəhərində yerləşir, quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Ukraynada müharibənin başlamasından 4 gün sonra - fevralın 28-də Rusiya Müdafiə Nazirliyi Zaporojye AES-in ələ keçirildiyini açıqlayıb. Buna baxmayaraq, stansiyanın rəhbərliyi Ukrayna operatorlarında qalır.

  AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, müasir dünyada hüquq, ədalət, məntiq yoxdur. Yeganə təsir vasitəsi güc mexanizmini işə salmaqdır. Analitik bildirib ki, BMT artıq protokol qaydalarını tətbiq edən quruma çevrilib:

 “Əvvəlcə onu deyim ki, Birləşmiş Millətlər Təşkilatını formal struktura çevirən ölkə ABŞ olub. Amerika 2001-ci ildən sonra İraqa, Əfqanıstana, Afrika ölkələrinə, Yaxın Şərqə hərbi müdaxilələr etməklə beynəlxalq hüququn artıq işləmədiyini, qlobal təşkilatların nüfuzdan düşdüyünü təsdiqlədi. Fransa və digər Avropa ölkələri də digər ölkələrə hərbi müdaxilələr ediblər. 

Yəni hansısa ölkənin beynəlxalq qurumlara müraciətləri əhəmiyyətini itirib. Çünki beynəlxalq hüququ da, qlobal təşkilatları da əhəmiyyətsiz qurumlara çevirənlər məhz Qərb ölkələri olub. Ukrayna ərazisini işğal edən, beynəlxalq qanunları kobud şəkildə pozan Rusiyanın isə BMT-yə müraciəti ironiyadır. 

Lakin bu gün Moskva BMT-yə və beynəlxalq prinsiplərə saymazyana yanaşırsa, hətta lağ-lağı edirsə, bunun səbəbi ABŞ və Avropa ölkələrindədir. Müharibə davam edəcək. Əslində Rusiya da bilir ki, BMT hansısa savaşı dayandırmaq gücündə deyil”.