Laçında cəmi 120 erməni qalıb

Onlar isə avqustun 25-dək qanunsuz məskunlaşdığı əraziləri tərk edəcəklər

  Ermənistan ilə Qarabağ İqtisadi Rayonunu birləşdirən Laçın dəhlizinə alternativ yolun Azərbaycan ərazisindəki inşaatı başa çatıb. “Qisas” əməliyyatından 1 gün sonra İrəvan da Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintisinə başladığını elan etdi. 36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də, qarşı tərəf prosesi yubatmağa çalışırdı. 

  Millət vəkili Vüqar Bayramov bildirib ki, iki həftə ərzində qeyri-qanuni məskunlaşmış ermənilər Laçın şəhəri və Zabux kəndini tərk etməlidir: “1992-ci ildə Laçın şəhərinin 7 min 829 sakini olub. İşğaldan əvvəlki son siyahıya alınmaya əsasən, şəhərdə yaşayanların 99 faizi azərbaycanlılar idi. 2003-cü ildən etibarən isə əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşmasına başlanılıb. 

Ermənistan statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2 min 190 erməni məskunlaşdırılıb. Növbəti 10 ildə qeyri-qanuni məskunlaşmış ermənilərin bir qismi sosial səbəblərdən şəhəri tərk edib. İkinci Qarabağ müharibəsindən sonra köç daha da sürətlənib. Hazırda şəhərdə cəmi 120 erməninin qaldığı güman edilir. Onlar isə avqustun 25-dək qanunsuz məskunlaşdığı əraziləri tərk edəcəklər. Laçın rayonunu işğal etməklə 50 min sakinimizi 30 il məcburi köçkün həyatı sürməyə məcbur edən işğalçı ölkə 2003-cü ildən sonra o ərazilərimizdə qeyri-qanuni məskunlaşan ermənilərin rayonu tərk etməsini “faciə” kimi təqdim etməyə çalışır. 

Halbuki, prosesin növbəti mərhələsi Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsidir. Dəymiş ziyan isə milyard dollarla ifadə olunur”.