Ən uzağı sentyabrın 1-nə kimi Laçın və ətraf kəndlər ordumuza təhvil verilməlidir

Ermənilər anlayır ki, prosesin geri dönüşü yoxdur

  Laçının Zabux kəndinin bütün sakinləri evlərini tərk ediblər. Bu barədə özünü “Demokratik 
Birlik” partiyasının sədri elan etmiş, kənddə qanunsuz yaşayan Suren Petrosyan feysbuk 
səhifəsində yazıb. Xatırladaq ki, Azərbaycan Laçından yan keçərək Qarabağı Ermənistanla 
birləşdirən yolun çəkilişini başa vurub. Alternativ yolun bitməsi o deməkdir ki, yaxın günlərdə 
Laçın dəhlizinin keçdiyi rayon mərkəzi və ətraf ərazilər Azərbaycanın nəzarətinə keçəcək. 
Məlumata görə, avqustun 25-dək Zabux və Sus kəndlərində, eləcə də Laçın şəhərində qanunsuz 
məskunlaşmış ermənilərə bölgəni boşaltmaq üçün zaman verilib. Həmin tarixdən etibarən Laçın 
şəhəri, Zabux kəndi və hazırkı yolun üzərində yerləşən digər ərazilər Azərbaycana təhvil 
verilməlidir. Laçında qalan ermənilər əvvəlcə buna etiraz etsələr də, sonda özlərinin olmayan 
torpaqları tərk etməli olduqlarını anlayıblar. Erməni mediası Zabuxdan fotolar da yayımlayıb. 
Fotolardan da görünür ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan 
ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib. Kənddə 
az sayda qalan ermənilərin də yaxın günlərdə çıxacağı gözlənilir. Laçındakı mağazalardan 
birinin sahibi Aida Balikyan etiraf edib ki, işğal illərində burada məskunlaşıb: “Ermənistan 
hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və 
bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”. 
  Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Şərq”ə bildirib ki, Ermənistanın bəzi 
siyasiləri prosesi qızışdırmağa çalışırlar. Ekspertin sözlərinə görə, məqsəd aranı qarışdırmaqdır: 
“Baş nazir Nikol Paşinyan bu yaxınlarda özü də etiraf etdi ki, “ermənilərin Laçından, Zabuxdan 
köçməsi yubadılacaq”. Əslində İrəvan hökuməti köç prosesinin ağrısız reallaşmasında maraqlı 
olmalıdır. Çünki başqa cür nəticənin hasil olması Paşinyan hökumətinin ziyanınadır. Laçın 
şəhərinin mərkəzinə, Zabux kəndinə və ətraf bölgələrə məqsədli şəkildə yerləşdirilmiş 
ermənilərin hamısı bölgəni tərk etməlidir. İllərdir qanunsuz yaşadıqları ərazilərə heç bir 
aidiyyətləri yoxdur. İşğal etdikləri torpaqlar üzərində haqq-hüquq iddia etmələri absurddur. 
Laçındakı ermənilər hətta Azərbaycan vətəndaşı olmaq və orada qalmaq istədiklərini bəyan 
etsələr belə bununla razılaşmaq lazım deyil. Çünki həmin ermənilər Livandan, Suriyadan, ayrı-
ayrı yerlərdən Laçın işğal olunandan sonra qeyri-qanuni şəkildə torpaqlarımıza köçürülüblər. 
Azərbaycanlıların tarixi ərazilərini, evlərini, mülklərini zəbt ediblər. Ona görə də hamısını 
çıxartmaq lazımdır. Avqustun 25-i, yaxud ən uzağı sentyabrın 1-nə kimi Laçın şəhərinin mərkəzi 
və ətraf kəndlər Azərbaycan Ordusuna təhvil verilməlidir”.
  Ü.Cəfərov Zabux və Sus kəndindən çıxan ermənilərin illərdir yaşadıqları evləri yandırmasına 
da diqqət çəkib: “Bütün çarələri tükənmiş ermənilər guya bu cür vandal hərəkətləri ilə 
azərbaycanlılara acıq verirlər. Öz ağıllarınca bizə ziyan vururlar. Amma unudurlar ki, həmin 
görüntülər sosial şəbəkələr vasitəsi ilə bütün dünyanı dolaşır. Dünya ictimaiyyəti ermənilərin 
necə yaramaz, naxələf və nadürüst olduğunu görürlər. Belə vəhşiliklərlə öz xislətlərini sübut 
edirlər. Əyani olaraq göstərirlər ki, ermənilər normal topluluq kimi yaşamaq bacarığına sahib 
deyillər. Əsas məqsədləri dağıtmaq, məhv etmək, gərginliyi artırmaqdır. Ancaq ermənilər 
anlamalıdır ki, bu prosesin geriyə dönüşü yoxdur. Bu gün Laçını, Zabuxu, Susu tərk edən 
ermənilər yaxın günlərdə Xocavənd, Xocalı və Xankəndidən getmək barədə də düşünməlidirlər. 
Biz öz siyasətimizi ermənilərin hay-küyünə, qışqırığına hesablamırıq. Gec-tez istəyimizə nail 
olacağıq”.