Sərsəng su anbarına nəzarət planı var

Asif Nərimanlı: "Azərbaycan “erməni vətəndaşlarının” suyunu kəsmir, əvəzində su bölgüsü ilə Sərsəng anbarından istifadəyə nail olur"

 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Rusiya sülhməramlılarının nəzarətində olan Sərsəng su anbarına baxış keçiriblər. Məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparılması, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq olub. Görüşdə əsasən iki məsələ - su bölgüsünün aparılması və ətraf rayonlara su verilməsinin bərpası müzakirə edilib. Danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitində baş tutub. Əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb. Xatırladaq ki, mühüm starteji əhəmiyyətə malik olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarının əkin sahələri suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su elektrik stansiyası tikilib.
  Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az"a açıqlamasında deyib ki, Rusiya sülhməramlılarının nəzarətində qalan Sərsəng su anbarına baxışın keçirilməsi və su bölgüsünün aparılmasının müzakirə edilməsi Bakının Qarabağ iqtisadi rayonuna nəzarəti gücləndirməsi baxımından əhəmiyyətli hadisə hesab edilə bilər. Ekspertin fikrincə, su anbarından istifadə Azərbaycanın suvarma sistemi üçün çox əhəmiyyətlidir: “İstisna deyil ki, anti-terror əməliyyatı ilə Sərsəngə nəzarətin bərpa edilməsi planı olub. “Qisas” əməliyyatında Sərsəng ətrafındakı erməni kazarmaların vurulması da bu ehtimalı gücləndirən məqamdır. Lakin Bakının məsələni niyə əməliyyatla yox, su bölgüsü ilə həll etmək istəyi maraqlıdır.
  Bunun iki mümkün səbəbi ola bilər. Birincisi, Rusiya sülhməramlıları ilə konfliktin dərinləşdirilməməsi, bunun indi sərfəli olmamasıdır. İkincisi, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin həyat mənbəyini kəsmək istəməməsidir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilərin qaz, elektrik, internet xətləri üzərində Bakının nəzarəti güclənib. Laçın yolunun alternativ marşruta keçməsi ilə bu kommunikasiyalardan böyük ölçüdə məhrum olacaqlar. Sərsəng su anbarından istifadə etdikləri suyun da kəsilməsi erməni əhalini tamamilə çıxılmaz vəziyyətə sala bilər. Bu, Azərbaycanın Qarabağdakı etnik ermənilərin öz vətəndaşı kimi qəbul etmək siyasətinə uyğun deyil. Bunu etmək erməni əhali arasında “Azərbaycan “soyqırımı” törədir” rəyinin yaradılması baxımından İrəvana da, Moskvaya da sərf edir. Azərbaycan “erməni vətəndaşlarının” suyunu kəsmir, əvəzində su bölgüsü ilə Sərsəng anbarından istifadəyə nail olur. Sərsəngə nəzarət əməliyyatla bərpa edilsəydi belə, ruslar ermənilərin suyunun kəsilməməsinə nail olmaq üçün hər şeyə əl atacaqdılar”.







  A.Nərimanlıya görə, Azərbaycan məsələni müzakirə yolu ilə həll edir və mümkündür ki, bu, “Qisas” əməliyyatından sonra razılaşdırılıb: “Ən əsas məqam görüş haqda məlumatda sülhməramlıların iştirakına dair heç bir qeydin olmamasıdır. Bu, separatçıların “tərəf” kimi qəbul edilməsi yox, Əliyevin dediyi kimi, Qarabağdakı ermənilərlə birbaşa təmasın qurulması deməkdir, İrəvansız və Moskvasız. Bakı daxili məsələsini vasitəçisiz həll etməlidir”.