Laçın azadlığına qovuşur!

Samir Əsədli: "Laçın dəhlizinin nəzarətimiz altında olması və alternativ yolun istifadəyə verilməsi o deməkdir ki, ərazilərimizə giriş və çıxışlar tam olaraq Azərbaycanın nəzarətinə keçmiş olacaq"

  Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları köçməyə hazırlaşır. Artıq Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rusiyalı hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb. Ərazini boşaltmağa hazırlaşan Rusiya sülhməramlıları müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər. Qeyd edək ki, Azərbaycan Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yolu qısa müddətdə istifadəyə verib. Bu səbəbdən dəhlizin üzərinə düşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin ərazini tərk etməsi üçün avqustun sonuna kimi vaxt verilib. Ermənilərin 30 il ərzində qeyri-qanuni yaşadıqları Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltması prosesi yekunlaşmaq üzrədir. Müddət bitəndən sonra sözügedən yaşayış məntəqələri Azərbaycanın tam nəzarətinə keçəcək. Rusiya sülhməramlıları isə xidmətlərini müvəqqəti olaraq yeni yolda davam etdirəcəklər.
  Zabux və Sus kəndləri ətrafında gedən prosesləri “Sherg.az"a təhlil edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bildirib ki, Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 10 noyabr razılaşmasına əsasən həyata keçirilir. Partiya təmsilçisinin sözlərinə görə, yolun marşrutu və nəzarəti üçtərəfli bəyanata uyğun olaraq Rusiya tərəfinin vasitəçiliyi ilə müəyyən edilib və razılaşdırılıb: “Burada mübahisə doğuracaq heç bir məqam yoxdur. Azərbaycan yeni yolun bizim ərazimizdəki hissəsinin inşasını yüksək keyfiyyətlə, qısa müddətdə icra etdi. Amma Ermənistan öz ərazisindən keçən hissənin tikintisini uzadır. Bu da İrəvanın öz öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasını, yerli erməni əhalinin rahatlıq və rifahına etinasızlığını nümayiş etdirir. Azərbaycan tərəfi yenə də konstruktivlik nümayiş etdirərək, ermənilərin xahişini nəzərə alaraq, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər, 4.7 km-lik müvəqqəti yoldan istifadə olunmasına razılıq verib. Zabux kəndindən yayılan reportajdan görünür ki, ermənilər Laçından, eləcə də Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələrindən çıxmağa başlayıblar”. 






  S.Əsədli deyib ki, məsələnin məğzi, hüquqi tərəfi ondan ibarətdir ki, işğala qədər Laçında erməni yaşamayıb: “Ermənilər Laçına işğal dövründə qeyri-qanuni köçürülüblər. Onların bir çoxu isə xaricdən - Livandan, Suriyadan və s. ölkələrdən köç ediblər. İndi həmin ermənilər Qarabağdakı qondarma rejimə qarşı üsyana çıxıblar. Yubanmalar bu etirazları azaltmaq üçün edilən mənasız cəhdlərdir. Laçın dəhlizinin nəzarətimiz altında olması və alternativ yolun istifadəyə verilməsi o deməkdir ki, ərazilərimizə giriş və çıxışlar tam olaraq Azərbaycanın nəzarətinə keçmiş olacaq. Bu da gələcəkdə ola biləcək təxribat və terror cəhdlərinin qarşısının alınması deməkdir”.