Qarabağda quruculuq işləri - Türkiyə şirkətləri daha fəaldır!

Türkiyə şirkətləri daha fəaldır

Qarabağdakı quruculuq işlərinə digər ölkələr də qatıla bilər

  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən danışıb. Qurum sədri bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki yol layihələrinə xaricdən yalnız Türkiyə şirkətləri cəlb olunub. Nazir əlavə edib ki, həmin ərazilərdə Agentliyin öz təsərrüfatları, Azərbaycan şirkətləri də Turkiyədən olan 5 şirkətlə bərabər fəaliyyət göstərirlər. Bunlardan başqa hər hansı xarici ölkədən heç bir təşkilat yoxdur”.
  İqtisadçı Pərviz Heydərov “Sherg.az"a deyib ki, işğaldan azad edilmiş ərazilərdə yol tikintisi də daxil olmaqla aparılan bütün yenidənqurma və bərpa işlərində Azərbaycan şirkətləri ilə yanaşı, əsasən Türkiyə şirkətləri iştirak edir. Ekspert vurğulayıb ki, dövlət başçısı işğaldan azad edilmiş bölgələrə səfərləri zamanı dəfələrlə bəyan edib ki, digər ölkələrə məxsus xarici şirkətlər də Qarabağda quruculuq işinə qoşula bilərlər:














 “Bununla bağlı xarici ölkələrə məxsus şirkətlərə heç bir qadağa, məhdudiyyət yoxdur. Bildiyimə görə, Rusiyanın, İsrailin və İranın bir sıra şirkətləri işğaldan azad edilmiş ərazilərdə quruculuq prosesinə cəlb edilmək arzusunda olduqlarını bildiriblər. Hətta Rusiya və İsrail şirkətləri bəzi işlərdə bilavasitə iştirak da ediblər. Ötən gün məlum oldu ki, Qazaxıstanın da müəyyən şirkətləri Qarabağda fəaliyyət göstərmək istəyirlər. Yol infrastrukturunun qurulmasında, sadəcə, Azərbaycan və Türkiyə şirkətlərinin iştirak etməsində heç bir siyasi-iqtisadi səbəblər axtarmaq lazım deyil. Azərbaycanda yol tikintisində müasir tələblərə cavab verən, əlində hər cür texniki vasitələri, avadanlıqları olan, təcrübəli kadrlara malik qurumlar, şirkətlər var. Yol tikintisi ilə məşğul olan şirkətlərin fəaliyyətinin nəticəsini digər bölgələrimizdə müşahidə etmişik və fikirlərimiz yüksək olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol çəkilişinə və keyfiyyətinə görə MDB məkanında, hətta Avropa ölkələri sırasında öncül yerləri tutur. Artıq ucqar dağ kəndlərinə belə yeni asfalt yollar çəkilir. O baxımdan yol infrastrukturunun qurulmasında Azərbaycan və qardaş Türkiyə şirkətlərinin iştirakı təbii qarşılanmalıdır. Bu məqam digər ölkələrə məxsus şirkətlərin də prosesə cəlb olunmasına maneçilik törətmir”.