Zəngilan hava limanı 1 saatda 200 sərnişin qəbul edəcək

Bu, bölgənin inkişafı və təhlükəsizli yinin gücləndirilməsi baxımından vacib layihələrdən hesab olunur

  “Zəngilan Hava Limanında ilk test uçuş həyata keçirilib”. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, Şərqi Zəngəzurda müasir standartlara uyğun inşa edilən hava limanı bütövlükdə bölgənin inkişafı və təhlükəsizliyinin gücləndirilməsi baxımından vacib layihələrdən hesab olunur: 

“İnkişaf etmiş dövlətlərin, xüsusən də Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi inkişafın dayanıqlığı və daha çox sərmayənin cəlb edilməsi, həmçinin nəqliyat sisteminin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq hava limanlarının istifadəyə verilməsindən asılıdır. Qarabağın və eləcə də Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. 

Bu potensialın reallaşması və xüsusən də həmin ərazilərimizdə istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanlarına ehtiyac var idi. Digər tərəfdən, region böyük turizm potensialına malikdir. Təbii ki, bu, həmin turizm potensialının reallaşmasına imkan verəcək. Bu infrastrukturlar Azərbaycana gələn turistlərin sayının artması və xüsusən daxili turizmin daha da genişlənməsi üçün yeni imkanlar yaradacaq.

Zəngilan Hava Limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı hər növ təyyarələri qəbul edə biləcək”.