Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur

Məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək

  Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi də başa çatdı. Azərbaycanın ilk ağıllı kəndində həyata keçirilən məskunlaşma "Böyük Qayıdış"ın tarixi əhəmiyyət kəsb edən başlanğıcıdır. Qeyd edək ki, 1993-cü il işğalınadək bu inzibati ərazi 3 kəndi birləşdirib.

 Həmin dövrdə Birinci Ağalıda 40 ailə, İkinci Ağalıda 60, Üçüncü Ağalıda isə 161 ailə yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352, yəni 1504 nəfərdir.

  Millət vəkili Vüqar Bayramov bildirib ki, Şərqi Zəngəzur ilə yanaşı Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Deputatın sözlərinə görə, 30 illik işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən ərazilərimizin 30 ay müddətdən tam bərpası mümkün deyil: "Bu prosesin zaman tələb edəcəyi qaçılmazdır. 

Dağıntıların miqyası bunu daha aydın şəkildə göstərir. Ermənistanın 30 illik işğalı zamanı Azərbaycan ərazisində 900 yaşayış məntəqəsi tamamilə dağıdılıb. 

Nəqliyyat və digər infrastrukturun da dağıdılmasını əlavə etsək, o zaman ziyanın miqyası daha da böyüyür. Bu baxımdan, məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək. 

Digər tərəfdən uzun müddət işğal altında qalan ərazilərimizdə minaların sayının kəskin çox olması prosesə təsir edən faktorlardandır. Yalnız Füzuli rayonunda 80 minədək minanın olduğu güman edilir. Ona görə də məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə ağıllı qayıdış formasında həyata keçirilir. 

Minadan təmizləmə işinin sürətlə aparılması da məhz əhalimizin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Hər şeyə rəğmən, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə "Böyük Qayıdış"ın yeni mərhələləri başlayacaq. Gülüş və həyat Qarabağa qayıdır. Bu dəfə daimi".