Qayıdışa ciddi hazırlıq gedir

2023-cü ildə Qarabağda kütləvi məskunlaşma müşahidə olunacaq

  Qarabağa "Böyük Qayıdış"la bağlı qanunvericilik aktı hazırlanacaq. Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün İş planına daxil edilib. Sənədə əsasən, komitə Qarabağa "Böyük Qayıdış"la bağlı qanunvericilik aktının hazırlanmasına dair müvafiq dövlət, hökumət qurumları ilə birgə iş təşkil edəcək. Komitə sədri Zahid Oruc bildirib ki, sənəd üzərində son tamamlama işləri gedir.

  Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, artıq praktik olaraq "Böyük Qayıdış"a start verilib. Deputat bildirib ki, Zəngilana ilk qayıdış həyata keçirilib:

 "Bu isə ondan xəbər verir ki, çox yaxın zamanlarda biz digər rayonlarımızda da qayıdışı mühaşidə edə biləcəyik. Bir tərəfdən Zəngilana qayıdışın həyata keçirilməsi, digər tərəfdən ümumən bu istiqamətdə ciddi addımların atılması göstərir ki, "Böyük Qayıdış" intensiv və sistemli şəkildə həyata keçiriləcək. Mövcud infrastrukturu və ilkin məskunlaşma ilə bağlı görülən işləri nəzərə alsaq, deyə bilərik ki, 2023-cü ilin ikinci yarısında biz yeni məskunlaşmanın həyata keçirilməsini müşahidə edəcəyik. Əsas prioritet ondan ibarətdir ki, öz ata-baba yurdlarına qayıdan ailələr işlə təmin olunsunlar, onların məşğulluğu təmin edilsin. Cənab Prezidentin də göstərişi məskunlaşmış vətəndaşlarımızın işlə təminatının həyata keçirilməsidir. Bu istiqamətdə də kifayət qədər sistemli addımlar atılmaqdadır. Bütövlükdə qayıdış prosesi mərhələli şəkildə reallaşır. İşlərin intensiv həyata keçirilməsi və 2023-cü ildə əlavə 3 milyard manatın ayrılmasının layihələşdirilməsi də ondan xəbər verir ki, növbəti dövrdə daha kütləvi və eyni zamanda sistemli şəkildə həyata keçirilməsini görəcəyik".