27 Sentyabr Azərbaycan tarixinin dönüş nöqtəsidir!

“Bu gündə Ermənistanın növbəti məkrli niyyətinin qarşısı qətiyyətlə alınıb”
"Tarixdə ilk dəfə torpaq itirmədik və uzun illər işğal altında qalan torpaqlarımızı azad etdik”
  İkinci Qarabağ müharibəsinin başlanmasının üzərindən iki il ötdü. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın davam edən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Düşmənin o vaxt bir neçə ay əvvəl törətdiyi Tovuz təxribatı bu əks-hücuma zəmin yaratmışdı. Savaşın ilk günündən etibarən Azərbaycan Silahlı Qüvvələri üstünlüyü ələ aldı. Yaşayış məntəqələrini ard-arda azad etdik, qarşı tərəf həm şəxsi heyət, həm də texnika baxımdan ciddi itkilərə məruz qaldı. 44 günlük döyüşlər zamanı Azərbaycan və Ermənistan daxilində durum tamamilə fərqli idi. Azərbaycanda daxili həmrəylik var idi. Oğullar səfərbərlik idarələrinə müraciət edir, könüllü şəkildə döyüşlərdə iştirak etmək istəyirdilər. Ermənistanda isə aksiyaların ardı-arası kəsilmirdi. Qarşı tərəfin ordusunda yüzlərlə fərari var idi. Çünki Ermənistandan fərqli olaraq biz nəyin uğrunda mübarizə apardığımızı bilirdik. Ermənistan cəmiyyətinin böyük bir hissəsi isə saxta tarixdən, yalançı iddialardan bezmişdi. Savaş dönəmində biz həm də dost və düşmənlərimizi tanıdıq. Türkiyə, Pakistan, İsrail həmişə olduğu kimi, yenə də yanımızda idi. Cənub qonşumuz İran müsəlmanlıq əqidəsinə zidd olaraq Ermənistanı dəstəkləyir, bu ölkəyə silah daşınmasına imkan verirdi. Rəsmi Tehranın müharibə zamanı dəfələrlə səsləndirdiyi bəyanatlar da bu dövlətin ikiüzlülüyünü göstərirdi. Əlbəttə, İran savaşda qalib gəlməyimizi istəmirdi. Çünki bu, İran daxilindəki azərbaycanlıların ayağa qalxmasına şərait yarada bilərdi. Tehran bundan narahat idi. Rusiya müharibənin sonuna kimi neytrallığını qorudu. Bu, Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməlidir.
  Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu. Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı. Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər. Bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsini zaman məsələsinə çevirdi. Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırsa da, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı. Əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi. Ermənistan danışıqlar prosesinin formatını və məzmununu məhv etməklə, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nin qətnamə və qərarlarını icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu. Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Prezident İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi. Dövlət başçısı bu dövrü aydın şəkildə təsvir edir: “Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar. Bunu deyən onların Tonoyan soyadlı müdafiə naziri idi. O bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır”. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. 2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına cavab olaraq əks-hücum əməliyyatı işə düşdü. Sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Dövlət başçısı 2020-ci il oktyabrın 26-da xalqa altıncı müraciətində dövlət başçısı Azərbaycan xalqına həlledici qələbəyə yaxın olduğunun müjdəsini verdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident Şəhidlər Xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir… Əziz Şuşa, sən azadsan!”. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi. Düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı imzalandı.
  Prezident həmçinin, informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik”.
  Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib və ən əsası Vətənə sonsuz məhəbbətlə uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya isbat edib. Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoydu. İşğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanıldı, Qarabağa həyat qayıtdı.
  Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə bildirib ki, 27 Sentyabr Azərbaycan tarixinin dönüş nöqtəsidir. Deputat vurğulayıb ki, əsrlər boyu ermənilər azərbaycanlılara qarşı bir sıra vandalizm aktları törədiblər. Lakin 27 sentyabrda Ermənistanın növbəti məkrli niyyətinin qarşısı qətiyyətlə alınıb: "Tarixdə ilk dəfə torpaq itirmədik və uzun illər işğal altında qalan torpaqlarımızı azad etdik. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin siyasətində Qarabağın azad olunması hər zaman prioritet məsələlərdən biri olub. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən erməni vəhşiliklərinə son qoymaq və Qarabağ məsələsinin həlli üçün səylə çalışıb. Dövlət başçısı xalqın birliyi, öz uğurlu siyasəti və ordumuzun gücü sayəsində bu məqsədinə çata bildi. 27 sentyabrla başlayan Zəfər yolumuz 8 noyabrda Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanması ilə yekunlaşdı. Bundan sonra xalqımız qalib və müzəffər xalq kimi yaşamağa başladı. Artıq qovuşduğu torpaqlardan Azərbaycan xalqını heç bir qüvvə çıxara bilməyəcək. 30 il əvvəl ölkəmizdə nizami ordu yox idi, lakin hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
  Artıq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində dalğalanması çox qürurvericidir.
  Son 30 il ərzində ölkəmiz dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. İşğal edilmiş ərazilərdə etnik təmizləmə aparılmasına, dini, tarixi, mədəni abidələrin dağıdılmasına, yaşayış məntəqələrinin viran edilməsinə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiyalar göstərilməmişdi. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ola bilərdi. Lakin bu təzyiqlər reallaşmadı, ikili standartlar ö sözünü dedi. Bütün bunların nəticəsində 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan güc vasitəsilə həll etdi. Azərbaycan Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrinin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.
Bu Zəfərdə payı olan bütün əsgərlərimiz, zabitlərimiz bizim qürur yerimizdir. Bizə bu zəfəri bəxş edən şəhidlərimiz daima qəlbimizdə yaşayacaq. Onlar heç zaman Azərbaycan xalqı tərəfindən unudulmayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".