Təəssüf ki, tezliklə baş tutmayacaq


Cəbrayıllıların böyük əksəriyyəti doğma yurduna yaxın 5 ildə qayıda biləcək

"Cəbrayılda daş üstdə daş qalmayıb. Hətta qəbirləri açıb goreşən kimi ölülərimizin sümüklərini də çıxarıblar"

  Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən 2 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 

İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun iki minədək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.

2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. 2020-ci ilin oktyabrın 4-də Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.

 İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

 Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra - 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. 

Həmçinin, Prezident İlham Əliyev ötən ilin oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. 

Bundan əlavə, Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. 

Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Şübhə yox ki, 27 il işğal altında olan Cəbrayıl rayonu erməni vandallarının dağıntısına məruz qalsa da, sürətli bərpa-quruculuq işləri sayəsində Cəbrayıla yenidən həyat qayıdacaq. Eyniylə Cocuq Mərcanlıda olduğu kimi. Cəbrayıllılar da həmin günü səbirsizliklə gözləyirlər...

  Tanınmış jurnalist, "yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə deyib ki, cəbrayıllılar öz ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin S.Verdizadə təəssüflə qeyd edib ki, bu qayıdışın tezliklə baş tutması mümkün deyil, çünki ermənilər işğal altında saxladıqları 27 il ərzində Cəbrayılı sözün həqiqi mənasında xarabalığa çeviriblər: 

"Cəbrayılda daş üstdə daş qalmayıb. Hətta qəbirləri açıb goreşən kimi ölülərimizin sümüklərini də çıxarıblar. Hazırda Cəbrayılda geniş quruculuq-abadlıq işləri aparılır. Yollar, körpülər, tunellər çəkilir. Cəbrayıl sürətlə simasını dəyişir.

 Bildiyiniz kimi, bir neçə gün əvvəl Cəbrayılın Şükürbəyli kəndinin inşası məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 1 milyon manat vəsait ayrıldı. Bir il əvvəl isə Cəbrayıl şəhərinin abadlaşdırılması üçün pul ayrılıb. Biz cəbrayıllılar sabah deyil, hətta bu gün doğma yurdumuza qayıtmaq istəyirik. 

Amma lazımi infrastruktur işləri görülməlidir. Ümid edirəm, yaxın 5 ildə cərayıllıların böyük əksəriyyəti doğma yurda qayıda biləcək. Cəbrayıllılar qoçaq, zəhmətkeş insanlardır. Əminəm ki, həmyerlilərimin doğma torpağa dönüşü Cəbrayılı qısa müddət ərzində cənnətə çevirəcək".