“Azərişıq” Qarabağda!


Şuşa şəhərinə qısa müddətdə - 37 günə enerji vermək mümkün olub
  Oktyabrın 7-də "Azərişıq" ASC ilə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Füzuli, Hadrut və Şuşaya mediatur təşkil olunub. Jurnalistlər əvvəlcə Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzində olublar. Bildirilib ki, Mərkəzin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. 35/ 0,4 kV-luq 2x2500kVA gücundə olan Rəqəmsal Yarımstansiya elektrik şöbəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.
 "Sherg.az",ın xəbərinə görə, "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu qeyd edib ki, Füzuli şəhərində təməli qoyulan Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin 2 aya istifadəyə verilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.
  ASC-nin Tədris ve İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə rəqəmsal yarımstansiyanın ənənəvi yarımstansiyalardan fərqləndiyini bildirib: "Rəqəmsal yarımstansiyanın ənənəvi yarımstansiyadan fərqi ondan ibarətdir ki, yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elekttik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Bundan başqa, enerjinin əldə olunması dəyəri və istismar xərclərini azaldır" .
  Artıq inşası yekunlaşmaq üzrə olan yarımstansiyanın qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulur. A.Məmmədzadə həmçinin qeyd edib ki, yarımstansiyanın tikilməsində beynəlxalq təcrübələrdən istifadə olunub. Layihələndirmə təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Həmçinin, vurğulanıb ki, yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır".
  Daha sonra Xocavənd rayonunun Hadrut qəsəbəsində tikintisi davam edən “Hadrut” qovşaq yarımstansiyası ilə tanışlıq olub. "Azərişıq" ASC-nin Rəqəmsal və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bəyan edib ki, Şuşa şəhərinə qısa müddətdə - 37 günə enerji vermək mümkün olub. Qurum rəsmisi qeyd edib ki, Cəbrayıl, Füzuli və Şuşa şəhərinin elektrik təminatı bu yarımstansiyada qovşaq sxemi yaratdığı üçün "Hadrut" qovşaq yarımstansiyası adlanır. Onun sözlərinə görə, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq: "Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Zərurət yaranarsa, Hadrut qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq".
  İşğaldan azad edilmiş ərazilərə ezam olunmuş jurnalistlərin sonrakı, sonuncu dayanacağı Şuşada tikilmiş Rəqəmsal İdarəetmə Mərkəzi olub. Mərkəzin açılışı 2022-ci il mayın 10-da Prezident İlham Əliyevin tərəfindən edilib. İstismara verilmiş Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündədir. Rəqəmsal İdarəetmə Mərkəzində ənənəvi üçpilləli 35/10-6/0,4 kilovoltluq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4 kilovoltluq şəbəkələrlə əvəz edilib. Qurum təmsilçisi Araz Məmmədzadə qeyd edib ki, ilk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kilovolt) dövrələrini son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur. Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır. Ümumilikdə inşası planlaşdırılmış 9 yeni müasir Transformator yarımstansiyası və Rəqəmsal idarəetmə Mərkəzlərinin artıq 6-sı tikilib, bunlardan birinin açılışı edilib. Digər 3 yarımstansiya isə gələn il ərzində istismara veriləcək”.
  Mediaturun sonunda “Azərişıq" ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi "Şuşa, Füzuli, Hadrut" səfərində iştirak edən jurnalistlər üçün yazı (reportaj) müsabiqəsi elan edib. MEDİA-nın şöbə müdiri Natiq Məmmədli deyib ki, müsabiqə yalnız mediaturda iştirak edən jurnalistlər üçündür: “Müsabiqəyə təqdim olunan yazılı və audiovizual materiallar analoji olaraq çap mediası subyektlərində çalışan jurnalistlər üçün köşə yazısı və televiziya əməkdaşları üçünsə reportaj janrında olmalıdır. Köşə yazısı 500 sözdən ibarət olmalı, audiovizual materialların xronometrajı isə maksimum 5 dəqiqə təşkil etməlidir. İştirakçılar çalışdıqları media subyektlərində dərc etdirdikləri və yayımladıqları materialları oktyabrın 11 tarixinədək təqdim etməlidirlər. Oktyabrın 15-də qaliblər elan olunacaq. Ən yaxşı 5 köşə yazısının və ən yaxşı 3 reportajın müəllifi mükafatlandırılacaq".
  N.Məmmədli əlavə edib ki, müsabiqənin elan edilməsi jurnalistlərin Qarabağda görülən işləri təşviq etməsi üçün stimul yaratmaq məqsədi daşıyır.