Ermənistan növbəti hərbi kampaniyaya başlaya bilər

Təxribatların Moskvada mümkün görüşə qədər olacağı da istisna deyil

  "Ermənistanın Azərbaycanla sərhəddə artilleriya və canlı qüvvə cəmləməsi haqda məlumatlar fonunda Nikol Paşinyanın Bakını “yeni hərbi təcavüzlə” ittiham etməsi təsadüfi deyil". 

Bu sözləri "Şərq"ə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, Paşinyan iddia edir ki, Azərbaycan sərhəddə “atəşkəsi pozur” və bu, yeni hərbi hücum üçün bəhanədir: 

"Baş nazir əlavə edir ki, “atəşkəs rejimini saxlamaq və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq mexanizmlər lazımdır”. 12-13 sentyabr toqquşmasından sonra siyasi müstəvidə baş verənlər İrəvanın hədəfinin sərhədə “beynəlxalq müşahidəçi” adı altında Qərb qüvvələrinin gətirilməsi, bununla sərhədin müəyyən edilməsi də daxil olmaqla bölgədəki vəziyyəti öz xeyrinə dəyişmək olduğunu təsdiqlədi. 

Praqada qərar qəbul edilsə də, Rusiyanın “mülki missiya”nın Ermənistan ərazisinə gəlişinə reaksiyası gözlənildiyi kimi sərt oldu. 

Rusiya Prezidenti V.Putinin üçtərəfli formatda yeni görüş hazırlığı da deməyə əsas verir ki, Moskva təşəbbüsü yenidən ələ almağa çalışacaq. Ermənistan Rusiyanın prosesə müdaxiləsinə qədər “beynəlxalq mexanizmlərin” yaradılmasını istəyir.

 Erməni qoşunların sərhəddə cəmlənməsinə paralel olaraq, Paşinyanın Azərbaycanı “yeni təcavüzə hazırlaşmaqda” ittiham etməsi də İrəvanın növbəti hərbi kampaniyaya başlayacağı gözləntisini artırır. Təxribatların Moskvada mümkün görüşə qədər olacağı da istisna deyil".