Qarabağ ermənilərinin problemini Bakı həll edəcək

Paşinyan reallıqları və mövcud vəziyyəti Arutyunyana başa salıb

Belə getsə, baş nazir Qarabağdakı ermənilərə maliyyə dəstəyini də kəsəcək

  Qarabağ separatçılarının başçısı Araik Arutyunyan İrəvandan Xankəndiyə qayıtdıqdan sonra Ermənistan rəsmilərilə keçirdiyi görüşlərin təfərrüatlarını “müxtəlif dairələrə” təqdim etmək üçün görüşlərə başlayıb. Arutyunyanın rəhbərlik etdiyi “nümayəndə heyəti” Praqada əldə olunan razılaşmaları Nikol Paşinyandan öyrənmək üçün ötən həftəboyu İrəvanda səfərdə olub. Araikin dəstəsi Ermənistan prezidenti, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, parlamentin sədri və sonda çox çətinliklə Baş nazir Paşinyanla görüşüb, müzakirə aparıb. Arutyunyan bu görüşlər zamanı əldə etdiyi məlumatları “Artsaxın siyasi elitası”na çatdırmağa söz verib. 

“Hraparak”ın məlumatına görə, Xankəndidə görüş-müzakirələrə başlayan A.Arutyunyan “siyasi qüvvələr”in nümayəndələrini öz qərargahına dəvət edib. O, Nikol Paşinyan və digər İrəvan rəsmilərinin fikirlərini Qarabağ separatçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, ona İrəvanda vəziyyətin və geosiyasi proseslərin gərgin olduğu, təkcə Qarabağ separatçılarının deyil, həm də Ermənistanın taleyinin təhlükə altında olduğu deyilib. 

Araikə o da çatdırılıb ki, bu baxımdan ən effektiv yol Ermənistanın öz problemləri ilə, Qarabağ separatçılarının isə öz məsələlərilə məşğul olmasıdır. Bununla belə, Ermənistan rəsmiləri Qarabağ separatçılarına maliyyə dəstəyini davam etdirməyə söz veriblər. Paşinyanın fikrincə, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, Moskva artıq “Artsax”dan əlini üzüb və sülhməramlıların Qarabağdakı müddəti başa çatandan sonra bölgədən çəkilə bilər. Ona görə də Xankəndidəki rejim başa düşməlidir ki, Qarabağ ermənilərinin problemlərini yalnız Bakı ilə birbaşa əlaqələr vasitəsilə həll etmək mümkündür.

  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, Ermənistan rəhbərliyi yaxşı bilir ki, Qarabağ məsələsinin yenidən qabardılması Azərbaycanın hərbi təzyiqlərinin artması ilə nəticələnəcək. Ekspert deyib ki, dövlət başçısı İlham Əliyevin MDB sammitində Nikol Paşinyana üçtərəfli sazişin 9-cü, 4-cü bəndini xatırlatması təsadüfi deyildi: 

"Bu, Ermənistan rəhbərliyinə çox ciddi mesaj idi ki, İrəvan hökuməti absurd fikirlərdən vaz keçsin. Paşinyanın Praqa görüşündən sonra Araiklə görüşməsi, ona mövcud vəziyyəti və reallığı başa salması ehtimalı yüksəkdir. İrəvanın hazırda Qarabağa hərbi-siyasi nüfuzu yoxdur. Sadəcə olaraq humanitar missiya adı altında maliyyə yardımı etməklə kifayətlənir. Ancaq görünür, baş nazir artıq maliyyə dəstəyini də kəsməyi planlaşdırır. 

Çünki Ermənistanın Qarabağa maddi yardımları da Azərbaycanın daxili işinə müdaxilə etməkdir. Nəzərə alaq ki, Paşinyanın özü də etiraf edib ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Qarabağdakı ermənilər bizim vətəndaşlarımız sayılır. Dövlət öz resursları, maddi gücü hesabına Xankəndi və ətraf ərazilərimizi ən qısa zamanda iqtisadi baxımdan dirçəltməyə, erməni vətəndaşlarımızın rifahını yaxşılaşdırmağa tam qadirdir. 

  Siyasi reallıqlar Ermənistanın əleyhinə işləyir. Əgər İrəvan Qarabağ iddiasından və digər təxribatçı cəhdlərindən əl çəkməzsə, daha acınacaqlı duruma düşəcək və cəzalanacaq".