"Qarabağda və Şərqi Zəngəzurda daha çox aqroparklar yaradılacaq"

Vüqar Bayramov: "Bu aqroparklar imkan verəcək ki, daha çox kənd təsərrüfatı məhsullarının istehsalına nail olmaq mümkün olsun"

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış;

  "Böyük Qayıdış"ın astanasındayıq. İşğaldan azad olan yaşayış məntəqələrimizdə görüləcək işlərin baş planı hazır olmaqla yanaşı uğurla icra edilməsinə başlanıb. Hazırda düşməndən azad edilən ərazilərimizdə genişmiqyaslı tikinti, bərpa-quruculuq işləri aparılır. Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında indi bir coşğunluq yaşanır, yeni layihələrin icrasına start verilir. Hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpasını, davamlı inkişafını təmin etmək kimi vəzifələr durur. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Aparılan yenidənqurma işlərində “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə daha çox üstünlük verilir.

Artıq 70-ə yaxın ailə Zəngilan rayonunun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Ümumən, məcburi köçkünlərin "Böyük Qayıdışı" Azərbaycanın 2030-cu ilədək əldə olunacaq sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən edilib. Bir müddət öncə Ağdamda, Cəbrayılda, Zəngilanda mühüm infrastruktur layihələrinin əsası qoyuldu. Gələn ildən sosial təsisatlar - yəni həm şəhərin mərkəzi, həm də kəndləri ilə bağlı bərpa və yenidənqurma işlərinin, "Böyük Qayıdış"ın baş verməsi, tam mənalı həyatın azad olunmuş ərazilərə qayıtması üçün tələb olunan əsas layihələrə start veriləcək. Təbii ki, "Böyük Qayıdış"ın ən təməl prinsipi bölgədə zəruri iqtisadi infrastrukturun qurulmasıdır. 

Azad edilmiş rayonlarda biznes üçün ciddi güzəştlər tətbiq olunacaq. İşğaldan azad edilmiş ərazilərdə yaradılmış Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidentləri ölkənin bütün sənaye parklarına şamil olan güzəştlərdən istifadə etməklə yanaşı, sırf azad edilmiş ərazilər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan da yararlana biləcəklər. Bu güzəştlər işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə şamil olunacaq. Güzəştlər paketində sosial, vergi və gömrük məsələləri yer alacaq.

 Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra başladığı sürətli quruculuq işlərində beynəlxalq təcrübədən ciddi yararlanır. Bu istiqamətdə müxtəlif ölkələrin bərpa təcrübəsi öyrənilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Beynəlxalq təcrübədə bərpa prosesi, adətən, 4-5 mərhələ üzrə keçirilir. Sosial və iqtisadi infrastruktur paralel olaraq qurulur. Qarşıda duran hədəflərdən biri iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı sosial inkişafın təmin olunmasıdır. Bu istiqamətdə müvafiq fərmanla milli prioritetlər təsdiq olunub. Təbii ki, buna nail olmaq üçün insanlara iş şəraiti yaradılmalıdır. Bu istiqamətdə əsas rol azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarının üzərinə düşəcək. İşğaldan azad olunmuş ərazilər təbii resurslarla zəngin ərazilərdir. İstər tranzit baxımından, istər təbii ehtiyatlar baxımından. Bərpa prosesinə təkan vermək, bu iqtisadi inkişafın, iqtisadi canlandırmanın sürətləndirilməsi üçün həmin təbii resursların itqtisadi dövriyyəyə cəlb edilməsi üçün artıq müəyyən addımlar atılıb. Qarabağın iqtisadi dirçəlişi üçün ən mühüm layihələrdən biri də heş şübhəsiz aqroparkların salınmasıdır. Artıq Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı baş tutub. Açılışı Azərbaycan dövlət başçısı İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ediblər. 

Dövlət başçılarına kompleks barədə məlumat verilib. Qeyd olunub ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq. Bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək.

 "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq. Vurğulanıb ki, layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb. Diqqətə çatdırılıb ki, “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcək. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq. Qeyd edək ki, “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

  Məlumat üçün bildirək ki, yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərdə bir və yaxud bir neçə aqroparkın yaradılması nəzərdə tutulur. Hazırda 33 rayonda layihə dəyəri 2,3 milyard manat olan 51 aqropark var. Yevlax və Sabirabaddakı aqroparkları dövlət yaradıb, digər aqroparklar isə özəldir. 

Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. Məlumata görə, indiyədək 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb, onlardan 26-na investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 milyon manat vəsaitə qənaət edib. Hazırda aqroparklarda ümumi olaraq 4 500-dək daimi işçi, 6 300-dən çox isə mövsümü işçi çalışır.

  Millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafı, xüsusən ərzaq məhsullarına olan tələbin daha çox yerli istehsal hesabına ödənilməsi əsas prioritetlərdən biridir. Deputat vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda daha çox aqroparkların yaradılması nəzərdə tutulur: 

"Türkiyə ilə birlikdə yaradılan aqropark nümunəvidir. Həmin aqroparkada sadəcə əkinçilik və meyvəçilik deyil, eləcə də heyvandarlıq istiqamətində fəaliyyətin genişləndirilməsi və istehsal edilən məhsulların daxili və xarici bazara çıxarılması nəzərdə tutulur. Aqroparklar Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı baxımından vacibdir. Bu aqroparklar imkan verəcək ki, daha çox kənd təsərrüfatı məhsullarının istehsalına nail olmaq mümkün olsun. Eyni zamanda Qarabağın aqrar potensialından daha yaxından istifadə olunsun. Nəzərə alaq ki, Qarabağ torpaqlarının əhəmiyyətli hissəsi məhsuldar torpaqlardır. Bu da kənd təsərrüfatı, xüsusən əkinçilik və bitkiçiliyin inkişafı üçün xeyli ciddi zəmin və imkanlar yaradır. Aqroparklar bu potensialın reallaşmasına xüsusi töhfə verəcək. Yeni iş yerlərinin açılmasına və ixtisaslı kadrların işlə təmin olunmasına dəstək olacaq. Nəticə etibarı ilə növbəti illərdə kənd təsərrüfatı məhsulları ilə bağlı tələbin ödənilməsində Qarabağın rolunun artmasının şahidi olacağıq".