Xankəndidə bir də mitinq olsa, dərhal dayandırılmalıdır



Tural Abbaslı: "Ermənistandan adam daşınaraq Xankəndidə təşkil olunmuş mitinq şousu birbaşa Azərbaycanın suverenliyinə təhdiddir"

  Oktyabrın 30-da Azərbaycanın Rusiya sülhyaratma kontingentinin müvəqqəti nəzarətində olan Qarabağ bölgəsində kütləvi aksiya keçirilib. Separatçı qurum Rusiyadan "Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi" xahiş edib. Rusiyaya müraciətdə Moskvaya bu məqsədlə “əlavə siyasi və hərbi mexanizmlər” tətbiq etmək təklif olunub. Müraciətdə Qarabağın Azərbaycanın tərkibində olmayacağı tezisi də yer alıb. Vurğulanıb ki, "Ermənistanda heç bir hökumətin Qarabağ xalqının təhlükəsizliyini təmin etmək missiyasından əl çəkməyə və hər hansı sənədə baxmağa haqqı yoxdur...". 


  Xatırladaq ki, Qarabağdakı kütləvi aksiya Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündən bir gün öncə keçirilib. Həmçinin, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya hərbçilərinin mandatının 10-20 ilədək uzadılması haqda sənədə imza atmağa hazır olduğunu deyib. Ona da diqqət çəkək ki, Rusiya Prezidenti Vladimir Putin ötən həftə "Valday" Forumunda çıxışında deyirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur. Onun sözlərinə görə, hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir. 

Yayılan məlumatlara görə, Xankəndidə Ermənistan siyasi camiəsinin təşkil etdiyi mitinqə gələnlərə pul paylanılıb. Qeyd edilib ki, bir müddət əvvəl Xankəndiyə köçən rusiyalı milyarder Ruben Vardanyan mitinqin çoxminli olması üçün xeyli xərcə düşüb. O, Xankəndidən kənarda olanların öz maşını ilə mitinqə qatılması üçün 8 litr pulsuz benzin verib, Ermənistandan gələnlərə isə 50 dollar mükafat ayırıb. Ermənistandan avtobusa doldurulub gətirilənlər Laçın dəhlizinə daxil olduqdan sonra salondaca “mükafat”larını alıblar. Həmçinin mitinq iştirakçılarının su və qida ilə təminini də Ruben Vardanyan öz üzərinə götürüb. Vardanyanın “Rusiya layihəsi” olduğu, Moskvanın sifarişlərini yerinə yetirmək istiqamətində çalışacağı bildirilir. Digər iddiaya görə, Xankəndi mitinqi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub.

  AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə deyib ki, Ermənistandan adam daşınaraq Xankəndidə təşkil olunmuş mitinq şousu birbaşa Azərbaycanın suverenliyinə təhdiddir. Partiya rəhbərinin sözlərinə görə, bu təxribat Azərbaycan qanunvericiliyinə zidd davranış olmaqla yanaşı, konstitusiyamızı qəbul etməmək cəhdidir:

 "Mitinqdə açıq-aşkar Azərbaycan əleyhinə, ərazi bütövlüyümüzə qarşı şüarlar səsləndirilib. Qəti surətdə ərazilərimizdə təxribat xarakterli mitinqlərin keçirilməsinə imkan verməməli, bunun yolverilməz olduğunu bəyan etməliyik. Xəbərdarlığımıza rəğmən, yenə də asiya keçirilməsinə cəhd olarsa, qanunlarımız tapdanarsa, mitinq dərhal dağıdılmalıdır. Əlbəttə, Xankəndi mitinqi orada yaşayan 3-5 "baldırı çılpaq" erməninin təşkil edəcəyi aksiya deyil. Hazırda Xankəndi və ətrafında həmin sayda erməninin yaşamadığı hamıya bəllidir. Deməli, Azərbaycanın hələ də açıq buraxdığı Laçın yolu vasitəsi ilə Ermənistandan Xankəndinə avtobuslarla erməni daşınıb. Məqsəd rəsmi Bakıya təzyiq göstərmək, dünyanın diqqətini cəlb etməkdir və təbii ki, Paşinyanın əlini gücləndirməkdir". 

T.Abbaslı vurğulayıb ki, dəfərlərlə bəyan edildiyi kimi Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır:

 "Qanunlarımıza riayət edəcəkləri, ərazi bütövlüyümüzü və suverenliyimizi tanıyacaqları təqdirdə Qarabağda rahat yaşaya bilərlər. Ermənistandan fərqli Azərbaycanda etnik ayrı-seçkilik yoxdur. Lakin baş verən proseslər, görüş öncəsi Paşinyanın bəyanatları və Xankəndi mitinqi göstərir ki, İrəvan sülhə hazır deyil. Əgər Ermənistan üçtərəfli sazişə, 10 noyabr bəyanatına əməl etmirsə, Azərbaycan da imtina etməlidir. 

Öz ərazilərimizdə ordumuzun, hüquq-mühafizə orqanlarının gücü hesabına suverenliyimizi, qayda-qanunlarımızı tətbiq etməliyik. Söhbət təkcə Xankəndi və ətraf bölgələrdən getmir, həm də tarixi torpaqlarımızı - Zəngəzuru, Dərələyəzi, Basarkeçəri nəzərdə tuturam".