Zəngəzura gedən yol Xankəndidən keçir

Daha geniş hərbi əməliyyatlara başlamağın zamanı yetişib

"Ermənistan real təhlükənin fərqinə varmasa, müharibəni öz ölkəsinin içərilərində yaşamasa, qaçqın axınına məruz qalmasa, ağıllanmayacaq"

  Qarabağın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələri Azərbaycan Ordusuna qarşı təxribatlardan əl çəkmir. Son günlər məhz separatçıların olduğu yerlərdən Silahlı Qüvvələrimizin Xocavənddəki mövqeləri ardıcıl atəşə məruz qalmaqdadır. Təbii olaraq, erməni quldurlarının növbəti təxribatları Azərbaycan Ordusunun antiterror əməliyyatını yenidən gündəmə gətirib

İctimaiyyətdə də əksəriyyət tələb edir ki, əgər rus "sülhməramlıları" erməni təxribatlarına zəmin yaradırsa, separatçıları Qarabağdan çıxarmalı və 44 günlük müharibədə olduğu kimi erməni təxribatlarının kökünü birdəfəlik kəsməlidir. Əks halda separatçılar təxribatlardan əl çəkməyəcəklər. Çünki görünən odur ki, Ermənistan regionda maraqlı qüvvələrin diktəsi ilə hərəkət edir. Bir məqamı da diqqətə çatdıraq ki, ötən gün Rusiya sülhməramlılarının müşayiəti ilə “erməni zəvvarlar” Amaras monastrını ziyarət ediblər. Ziyarətlə bağlı açıqlamada “orta əsrlərdə mövcud olmuş Ermənistan”, “Dağlıq Qarabağ və burada mövcud olan Martuni rayonu”ndan da bəhs olunub. Ermənistan mətbuatı məlumat yayıb ki, ilk dəfə olaraq Ermənistanın katalikosu II Qareginin “xeyir-dua”sı ilə “Xankəndi kilsəsi”ndə keşiş təyinetmə mərasimi keçiriləcək. 

  AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Şərq"ə deyib ki, Rusiyadan gələn bir milyarderin - Ruben Vardanyanın qondarma rejimdə "vəzifəyə" gəlməsi, Xankəndidə daşınma ermənilərlə "mitinq" keçirilməsi, Qarabağın "Azərbaycan ərazisi olmayacağı" ilə bağlı şüarlar separatçıları cəsarətləndirib. Analitikə görə, son dönəmlər Nikol Paşinyan da çıxışlarında sülhə zidd, danışıqlar prosesini pozmağa hesablanmış açıqlamalar verməkdədir: 

"Bütün bunlar bir daha göstərir ki, artıq Qarabağda anti-terror əməliyyatlarının vaxtıdır. Yaxın aylarda anti-terror əməliyyatına başlamasaq, rusların "sülhməramlı" adı altında torpaqlarımızda qalma müddəti də uzanacaq. Ermənistan baş naziri bunun konturlarını cızmaqdadır. O, bir neçə dəfə bəyan edib ki, rus qoşunları bölgədə daha uzun müddət, hətta daimi qalmalıdır. Ermənilər yenə ruslara, fransızlara, amerikalılara, iranlılara güvənirlər. Hindistan da Ermənistana silah verir. İrəvan elə düşünür ki, həqiqətən güclüdür və revanş almaq iqtidarındadır. Ona görə də erməniləri ağıllandırmaq üçün həm Qarabağda, həm də Zəngəzur, Göyçə istiqamətində də daha genişmiqyaslı hərbi əməliyyatlara başlamalıyıq. Ermənistan real təhlükənin fərqinə varmasa, müharibəni öz ölkəsinin içərilərində yaşamasa, qaçqın axınına məruz qalmasa, ağıllanmayacaq. Ancaq növbəti və daha genişmiqyaslı hərbi əməliyyatlardan sonra Qarabağdan birdəfəlik əl çəkəcəklər. Biz əbəs yerə demirik ki, Zəngəzura gedən yol Xankəndidən keçir".