Gələn il Qarabağ və Şərqi Zəngəzurun bərpası əsas hədəf olacaq


İndiyə qədər 9 milyard 300 milyon vəsait 3 ildə azad edilmiş ərazilərin bərpası üçün xərclənib


  Dünən Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclas keçirilib. Parlamentdə 2023-cü ilin büdcəsi müzakirəyə çıxarılıb. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını müəyyənləşdirən ən mühüm amillərdən biridir. Spiker qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası başa çatmaqda olan 2022-ci ildə dövlətimizin qarşısında dayanan bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edib: 

"Məmnunluqla qeyd etmək olar ki, gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə - müvafiq olaraq, 30,7 milyard manat və 33,3 milyard manat məbləğində proqnozlaşdırılır. Onu da deyim ki, dövlət büdcəsinin prioritetləri sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və böyük qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı olacaq. Əminliklə demək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq".

Büdcə ilə bağlı təklif irəli sürülüb

  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda dövlət büdcəsi ilə bağlı təqvim ilinin aprelin 1-də başlaması və martın 31-də başa çatmasını təklif edib. O deyib ki, hazırda bir çox ölkələrdə - Böyük Britaniya, Sinqapur, Yaponiya və Küveytdə büdcə ili 1 apreldə başlayır, 31 martda başa çatır: "Buna keçməyin mürəkkəb bir proses olduğunu anlayır, amma keçidin bir çox problemlərin həllinə də birdəfəlik rəvac verəcəyinə inanırıq. Hesab edirik ki, belə bir dəyişiklik layihələrin, tədbirlərin maliyyələşməsinə, büdcə planlaşdırmasının və parlament müzakirələrinin daha səmərəli keçməsinə imkan yarada bilər".

  Maliyyə naziri Samir Şərifov bildirib ki, 2023-cü ildə qarşıya qoyulan əsas vəzifələrdən başlıcası Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın təmin edilməsidir: "Ölkəmizin maliyyə imkanlarının ildən-ilə artması bir neçə sahədə maliyyə xərclərinin daha da artırılmasına təminat verir. Bizim əsas hədəflərimizdən biri Ordumuzun müasir, mütəşəkkil hərbi qüvvədə təkmilləşdirilməsidir, buna dövlət büdcəsinin imkanı da çatır. Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılmasına xüsusi diqqət yetirilir. Bununla bağlı bir sıra qanun layihələri Milli Məclisə təqdim edilib”. 

  Nazir deyib ki, Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib: "9 milyard 300 milyon vəsait 3 ildə azad edilmiş ərazilərin bərpası üçün xərclənib. Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.

"Böyük Qayıdış layihəsi hökumətə təqdim edilib"

  İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi və onun tətbiqi barədə fərmanın layihəsi yaxın zamanda hökumətə təqdim ediləcək. Nazir qeyd edib ki, bundan başqa, Rəqabət Məcəlləsinin layihəsinin yekun layihəsi tərtib edilib və “Büdcənin fəaliyyəti haqqında” yeni büdcə layihəsi isə beynəlxalq təşkilatların rəyinə təqdim edilib: “Azad edilmiş ərazilərə Böyük Qayıdış layihəsi də hökumətə təqdim edilib və sənədə baxılmaqdadır”. 

  Mikayıl Cabbarov bildirib ki, dünya iqtisadiyyatında gərginlik və risklər daha da artmaqdadır: "Buna səbəb Rusiya-Ukrayna savaşının daha da şiddətlənməsidir". Nazir bildirib ki, gərgin geosiyasi şərait və torpaqlarımızın azad olunması ilə Azərbaycan iqtisadiyyatının gələcəyi üçün aparılan bərpa və quruculuq işləri büdcə siyasətinə öz təsirlərini göstərir: “Cari ilin 10 ayında profisit 23 milyard ABŞ dollarına çatıb. Profisitin böyüməsinə əsas səbəb neft və qaz ixracı olub. Əmək bazarında da "ağarma prosesləri" gedir və bununla ölkəmizdə iqtisadi artım dəstəklənir”. M.Cabbarov bildirib ki, inflyasiya artıb: “Buna beynəlxalq ərzaq bazarında olan artımlar təsir edir. Dünya ərzaq qiymətləri indeksi cari ilin oktyabr ayında 0,1 faiz azalıb. İdxal olunan inflyasiya bizdə də artıb. Cari ilin 10 ayında əhalinin real gəlirləri inflyasiyanı üstələyib”.

"Cari ildə dövlət satınalmalmalarının həcmi 69,5 faiz artıb"

  M.Cabbarov bildirib ki, azad edilmiş ərazilərdəki sənaye parklarına 80 milyon manata yaxın investisiya yatırılacaq: "İşğaldan azad edilmiş ərazilərdə cari ilin 10 ayında "Ağdam" və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 13 daimi rezident, 3 qeyri-rezident qeydiyyata alınıb. Bu rezidentlər 80 milyon manata yaxın investisiya yatırmağı, 900-dən artıq iş yeri yaratmağı planlaşdırır”. Nazir qeyd edib ki, təkmilləşdirilmiş mexanizm azad edilmiş ərazilər, sənaye məhəllələri, turizm və sənaye parkları, regional ərazilər və digər istiqamətləri əhatə edir: “Bu layihə ölkədə istehsal olunmayan məhsulların istehsalı məqsədilə hazırlanıb”.

"Mərkəzi Bank 2023-cü ildə iqtisadi artım olacağını proqnozlaşdırır"

  Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov deyib ki, MB 2023-cü ildə iqtisadi artım olacağını proqnozlaşdırır. Sədr bildirib ki, məqsədləri gələn il və növbəti 3 ildə gəlirlik əyrisinin formalaşmasıdır: “Maliyyə sektorunun inkişafı növbəti illərdə əsas hədəflərdən biri olacaq. Hazırda AMB orta dövr üzrə maliyyə sektorunun inkişafı üzərində işləyir. Maliyyə sektorunun tənzimlənməsi, sektorda aparılan maliyyə əməliyyatlarına nəzarət etmək üçün müasir texnologiyanın tətbiqi planlaşdırılır. AMB bundan sonra da ölkədə makroiqtisadi sabitliyi və inkişafı dəstəkləyəcək”.

"Mərkəzi Bank 10 ayda manatın 9,2 faiz bahalaşmasını müşahidə edib"

  Taleh Kazımov deyib ki, Mərkəzi Bank 10 ayda manatın 9,2 faiz bahalaşmasını müşahidə edib: "İnflyasiya birbaşa xarici mənşəli amillə bağlıdır. Hazırda valyuta bazarında sabitlik müşahidə olunur. Mərkəzi Bank 10 ayda manatın 9,2 faiz bahalaşmasını müşahidə edib. Dövr ərzində biznes kreditləri 12 faiz artıb ki, bunun da ümumilikdə sektorda payı 56 faiz təşkil edir. 10 ayda bank sektoruna inam əhəmiyyətli dərəcədə artıb. Manatla depozitlərin həcmi 29,5 faiz artıb. Dedollaraşma isə 2,5 faiz azalaraq 38,6 faizə çatıb”. 

"Pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər"

  Mərkəzi Bankın sədri deyib ki, pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər: "Növbəti ildə illik inflyasiyanın aşağı olacağı gözlənilir. İnflyasiya gözləntiləri nisbətən sabitləşib. Bunu bizim keçirdiyimiz sorğulardan görürük. AMB öz səlahiyyətləri çərçivəsində adekvat hesab etdiyi yerə qədər pul siyasətini sərtləşdirə bilər. İllik inflyasiya göstəricilərinin azalması fonunda pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər. Hazırda məzənnə inflyasiyaya azaldıcı təsir göstərir. Məzənnə sabitliyi isə tədiyyə balansının sabitliyindən asılı olacaq".

"Ortamüddətli gəlir strategiyası ilə bağlı işlərə başlamalıyıq"

  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib ki, ortamüddətli xərclər çərçivəsi ilə yanaşı, biz ortamüddətli gəlir strategiyası ilə bağlı işlərə də başlamalıyıq. Onun sözlərinə görə, sənədin hazırlanmasında məqsəd ortamüddətli dövrdə gəlir daxilolmalarının kompleks şəkildə artırılması, gəlirlərin inzibatçılığının yüksəldilməsi və vergi siyasəti üzrə hədəflərin daha optimal formada idarə edilməsidir: "Ortamüddətli gəlir strategiyasının qəbul edilməsinin aktuallığı bir neçə səbəblə əlaqələndirilir. Bu, bir tərəfdən ölkələrin beynəlxalq çağırışlar çərçivəsində (DİM) götürdükləri öhdəliklərin reallaşdırılması, digər tərəfdən xərc siyasətinin müxtəlif regionlarda prioritetlərinin sürətlə dəyişməsi və büdcənin institusional çərçivəsinin gücləndirilməsi ilə əlaqələndirilir”.

"Növbəti ildə 1,7 mlrd. manat subsidiya verilməsi nəzərdə tutulur"

  Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası subsidiyalarla bağlı mexanizm müəyyənləşdirilməsini təklif edib: "Növbəti ilin büdcəsini fərqləndirən məqamlardan biri də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”nın reallaşdırılmasının büdcə siyasətinin müəyyən edilməsi zamanı əsas strateji makrofiskal çağırışlar arasında yer almasıdır. İlk dəfə olaraq ölkənin strateji sənədinin maliyyə təminatının dövlət büdcəsinin layihəsində ayrıca göstərilməsidir. Strategiyanın maliyyə təminatı üzrə nəzərdə tutulmuş xərclərin büdcədə payı 16 faizdən çox proqnozlaşdırılıb. Təqdim edilmiş büdcə sənədlərinə əsasən növbəti ildə 1,7 mlrd. manat subsidiya verilməsi nəzərdə tutulur. Bu, cari ildə gözlənilən icradan 25,5 faiz çoxdur və büdcə xərclərində payı da artaraq 5,3 faiz olacağı proqnozlaşdırılır. Nəticə olaraq, subsidiyaların verilməsi mexanizmini tənzimləyən konkret meyarların olmaması şəraitində subsidiyaların məbləğində nəzərəçarpacaq artım müşahidə edilir. Bizim təklif, əvvəlki rəylərimizdə qeyd etmişik, büdcədən verilən subsidiyaların hansı şərt və qaydada verilməsi ilə bağlı mexanizmin müəyyən edilməsi ilə bağlıdır”.

"Xalis maliyyə aktivlərinin ÜDM-yə nisbəti 50 faizdən yuxarıdır"

  Hesablama Palatasının sədri qeyd edib ki, xalis maliyyə aktivləri makrofiskal təhlilin əsas göstəricilərindən hesab olunur: "Bu öhdəliklərin örtülməsi qabiliyyətini göstərən, başqa sözlə, maliyyə öhdəliklərinin örtülməsindən sonra dövlətin maliyyə aktivlərini əks etdirən göstəricidir. Xalis maliyyə aktivlərinin çox olması müəyyən mənada fiskal dayanıqlılıq qarşısında yarana biləcək risklərin də yumşaldılmasına xidmət edə bilər. Hazırda xalis maliyyə aktivlərinin ÜDM-yə nisbəti 50 faizdən yuxarıdır. 

Digər ölkələrlə müqayisəli təhlil göstərir ki, bu, yaxşı göstərici kimi hesab oluna bilər. Əksər ölkələrdə borc yükünün çox olması səbəbindən xalis maliyyə aktivləri mənfi rəqəmlə ifadə olunur”.