Qarabağda toponimlər həssas məsələdir

Rus sülhməramlılarının etinasızlığı Azərbaycan ictimaiyyətini hiddətləndirib

  Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından başlıca gözlənti 10 Noyabr bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək vermələri idi. Ancaq əvvəllər olduğu kimi Rusiya Azərbaycan xalqını yenə də yanıltmadı. Məramı "sülh" olmayan rus hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlara yol verməklə diqqət çəkdilər. Əsas məqam odur ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi. Lakin iki il keçməsinə baxmayaraq, ortada hələ də konkret nəticə yoxdur. Rusiya sülhməramlıları nə erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmağa çalışır, nə də öz fəaliyyətlərində tərəfsiz mövqe nümayiş etdirir. Əksinə, bu silahlı dəstələrə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan dəhliz və yollarla silah-sursat daşınır. Azərbaycan ərazilərinin çirkləndirilməsində istifadə edilən minalar çatdırılır. Cəmi bir həftə əvvəl Laçın rayonundakı Sarıbaba yüksəkliyinin şimal hissəsində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minaların aşkarlanması faktı da bunu sübut edir. Rusiya "sülhməramlı"larının növbəti səhvlərindən biri də Azərbaycanın yaşayış məntəqələrinin qondarma erməni adları ilə təqdim edilməsidir. Ağdərə və Xocavənd rayonlarının Rusiya Müdafiə Nazirliyi tərəfindən "Mardakert" və "Martuni" kimi qeyd olunması ermənilərin Azərbaycan xalqının tarixi toponimlərini dəyişdirmək cəhdlərinə dəstək verməkdir. Bununla yanaşı iki ölkə arasında müttəfiqlik münasibətlərinə kölgə salmaqdır. Bu həm də Rusiyanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Rusiya sülhməramlı komandanlığı toponim məsələsinin Azərbaycan üçün həssas olduğunu çox yaxşı anlayır. Azərbaycan xalqı ermənilərin işğal altındakı tarixi yurd-yuvamızı eybəcər adlarla çağırmasını yaxşı xatırlayır. Bu qondarma adlar həmin dövrdə işğalın alçaldıcılığını artırmaqdan savayı bir məqsədə xidmət etmirdi. Rusiya Müdafiə Nazirliyinin ərazilərimizi bu cür qondarma adlarla göstərməsi sülhə xidmət etmir. Ona görə də sülhməramlı komandanlıq məsələ ilə bağlı anlaşılmaz mövqeyini düzəltməlidir. Azərbaycan-Rusiya münasibətlərinin normal məcrada inkişafı fonunda sülhməramlı kontingentin belə etinasızlığı Azərbaycan ictimaiyyətini hiddətləndirir. Rusiyanın mövqeyini ölkənin siyasi rəhbərliyi müəyyənləşdirir, ya sülhməramlıların komandanı Volkov?! Volkovun belə “cəsarətlənməsi” Vardanyanın gəlişindən sonra hiss olunmağa başlayıb. Amma  Volkovu da sanki “cəsarətləndirib”. Əminliklə söyləmək olar ki, həm Ermənistan rəhbərliyinin, həm də Qarabağdakı separatçı tör-töküntülərinin hazırda yeganə məqsədi Qarabağdakı Rusiya sülhməramlılarının mandatını uzatmaqdır. Ermənistanın Baş naziri Paşinyan da son iki ildə sülhməramlı missiyaya uyğun gəlməyən fəaliyyətlə məşğul olan, Azərbaycan ictimaiyyətinin etimadını günü-gündən itirən Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə uzadılmasını açıq şəkildə bəyan edir. 
  Millət vəkili Ceyhun Məmmədov deyib ki, rus sülhməramlılarının belə bir addım atması qəbuledilməzdir. Azərbaycan bununla bağlı dəfələrlə Rusiya tərəfinə öz fikrini bildirib: "Bu ərazilərin adları Azərbaycan dilində olmalıdır. Çünki bu torpaqlar beynəlxalq hüquqa əsasən də Azərbaycan əraziləridir. Rus sülhməramlıları bəlkə də bununla özlərini ermənilərə yaxın və onların yanlarında olduqlarını göstərmək istəyirlər. Amma bu, yanlış addımdır. Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd var. Bu iki ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq edirlər. Həmçinin Rusiyanın Azərbaycanda və Azərbaycanın da Rusiyada bir sıra müəssisələri fəaliyyət göstərir. Ona görə hesab edirəm ki, bu məsələdə rus sülhməramlıları diqqətli olmalı, ermənilərin yanlış siyasətinin qurbanına çevrilməməlidirlər. Bu, Azərbaycanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik sənədinə də ziddir. Azərbaycan Rusiya tərəfinə dəfələrlə xəbərdarlıq edib. Bizim gözləntilərimiz ondan ibarətdir ki, Rusiya bu məsələləri mütləq nəzərə almalıdır. Nəzərə almadığı təqdirdə, Azərbaycanın da buna öz münasibəti və reaksiyası olacaq".