Xalq Şuşa-Xankəndi yolunda ədalət bağırır

Volkov gəlməlidir, yoxsa aksiya dayanmayacaq

Beynəlxalq ictimaiyyət Şuşa-Xankəndi yolundakı dinc etiraz aksiyasını dəstəkləməlidir

  Azərbaycanlı eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində - Laçın yolunda etiraz aksiyası davam edir. Ərazidə çadırlar quraraq aksiyanı gecə boyunca davam etdirən fəallar Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini və onlarla görüşməsini tələb edirlər. Yaranmış gərginliyə, Laçın yolunun bloklanmasına baxmayaraq, rusiyalı general eko-fəallarla görüşməməkdə hələ də israr edir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladığı üçtərəfli bəyanata əsasən, bölgəyə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının əsas vəzifələrindən biri məsuliyyət zonasında yaranmış mürəkkəb vəziyyətlərin aradan qaldırılmasına yardım etmək, bölgədə davamlı sülh və əmin-amanlığın bərqərar olmasına töhfə verməkdir. 

Lakin general Volkovun Laçın yolunda dinc aksiyaçılarla görüşdən qaçması sülhməramlıların fəaliyyətinə dair əsaslı şübhələri daha da gücləndirir. Bu onu göstərir ki, Andrey Volkov gərginliyin aradan qaldırılmasında maraqlı deyil. Əksinə, aksiyanın davam etməsini, humanitar məqsədlər üçün ayrılmış Laçın dəhlizinin qapalı qalmasını, ermənilərlə azərbaycanlılar arasında anlaşmazlıqların davam etməsini istəyir. Yaxın həftələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılıb. 

Hazırkı gərginliklər fonunda baş tutacaq görüşün sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində effektivliyi nəzərəçarpacaq dərəcədə azala bilər. Ümumiyyətlə, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlılardan gözlənti separatçılar üçün qalxan rolu oynamaq deyildi. Onların vəzifəsi məsuliyyət daşıdıqları bölgədə hər kəsi, bütün mülki şəxsləri qorumaq, dincliyin, sabitliyin və sülhün saxlanılmasına töhfə verməkdir. Lakin xüsusilə də son günlər şahidi olduğumuz hadisələr bunun tam əskini göstərir. Son proseslər fonunda sülhməramlıların bölgədə separatçı fəaliyyətlərin hamisinə və qarantına çevrildiyi hiss olunur. Bu qərəz nəinki sülhə xidmət edir, hətta tərəflər arasında ədavəti dərinləşdirir, yaraların sağalmasına imkan vermir. Sülhməramlılar mülki monitorinqin həyata keçirilməsinin qarşısını alanlara faktiki olaraq heç bir şəkildə mane olmadılar. Əksinə, kənara çəkilərək, Azərbaycanın dövlət rəsmilərini yerli ermənilərlə üz-üzə qoydular və təxribat üçün açıq şərait yaratdılar. 

""Qızılbulaq" və “Dəmirli” yataqlarından qanunsuz istifadə dayandırılmalıdır"

  Prezidentin köməkçisi Hikmət Hacıyev də Şuşa-Laçın yolundakı son vəziyyətdən danışıb. H.Hacıyev qeyd edib ki, lazımsız propaqanda və yanlış məlumatların yayıldığını görürük:

 "İşğal dövründə Azərbaycanın ətraf mühitinə ziyan dəyib, təbii resursları qanunsuz şəkildə istismar olunub. Bu, indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə olunur. Biz “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların "Qızılbulaq"da monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır”. 

"Rus sülhməramlıları aksiyanı dayandırmayacaqlarını deyiblər"

  Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli kazarmalar quraşdırmağa başlayıb. Onlar əraziyə gətirilmiş konteynerləri yük maşınından boşaldaraq, yolda quraşdırıblar. Bundan əlavə, yayılan məlumata görə, Laçın dəhlizində azərbaycanlı eko-fəalların keçirdiyi aksiyada danışıq üçün Xankəndidəki separatçı rejimin nümayəndələri də tərəf kimi iştirak etmək istəyiblər. Lakin Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlıları separatçıların danışıq tələbini qəti şəkildə rədd ediblər. Onlar bildiriblər ki, bu həm də azərbaycanlıların tələbidir. Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb ki, aksiya iştirakçıları ilə qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan və Xankəndidə olan separatçılar danışmaq istəyiblər: "Onların istəyi rədd edilib və ümumiyyətlə, aksiya istiqamətinə getməyə icazə verilməyib”. Rus sülhməramlıları isə aksiyanı zorla dayandırmayacaqlarını deyiblər. “Yuxarıdan” göstəriş aldıqdan sonra nə edəcəyimizi biləcəyik”. Xatırladaq ki, ötən gün Xankəndidə özlərini “deputat” adlandıran bir qrup terrorçu aksiya keçirilən əraziyə gəlməyə cəhd etsə də, sülhməramlılar onları buraxmayıb.

“Beynəlxalq ictimaiyyət azərbaycanlı ekoloqları dəstəkləməlidir”

  ABŞ-dən olan politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib ki, azərbaycanlı ekoloqların və təbiətin mühafizə üzrə Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası tarixi əhəmiyyətə malikdir və beynəlxalq ictimaiyyət onların tələblərini dəstəkləməlidir. Onun sözlərinə görə, bu cəsur azərbaycanlılar ətraf mühitin mühafizəsi və şirin su ehtiyatlarının daha yaxşı idarə olunması tələbi ilə dinc etiraz aksiyası keçirirlər: "Azərbaycan aktual ekoloji problemlərin həlli istiqamətində addımlar atır. Kənd təsərrüfatı torpaqlarının və su ehtiyatlarının çirklənməsinin fəsadlarının yumşaldılmasına böyük sərmayələr qoyur. Erməni rejimi isə Azərbaycan ərazilərini minalarla çirkləndirir və əkin sahələrini təhlükəli əraziyə çevirir". Politoloq xarici dövlətlərin, eləcə də Rusiya sülhməramlı kontingentinin BMT-nin davamlı inkişaf gündəliyində yer alan ekoloji problemlərə göz yummasından təəssüfləndiyini vurğulayıb: "Beynəlxalq ictimaiyyət ikinci gündür Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekoloqların tələblərini dəstəkləməlidir. BMT, ABŞ hökuməti və Avropa İttifaqı təcili olaraq bu məsələyə münasibət bildirməli, ətraf mühitin və su ehtiyatlarının çirkləndirilməsinin dayandırılması ilə bağlı Ermənistana təzyiq göstərməlidir. Susmaq həll yolu deyil. Azərbaycan dövləti və xalqı ətraf mühitin mühafizəsinə inanılmaz dərəcədə böyük vəsait sərf edib, Xəzər dənizinin ekologiyasının qorunmasında qətiyyət nümayiş etdirib, beynəlxalq ictimaiyyət isə məqsədyönlü şəkildə susur”.

"Ermənilərin "Qızılbulaq" yatağından qanunsuz istifadə etməsi ilə bağlı məhkəməyə müraciət ediləcək"

  "Anglo-Asian Mining Plc." şirkətinin maliyyə direktoru İlham Xəlilov deyib ki, Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Qızılbulaq" yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edə bilər. 

O bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə beynəlxalq məhkəməyə müraciət edilməsi nəzərdə tutulur: 

"Bununla bağlı Azərbaycan hökumətinin, yoxsa birbaşa "Anglo-Asian Mining”in iş qaldıracağı hələlik dəqiqləşməyib. Eyni zamanda ziyanın həcmi ilə bağlı dəqiqləşmələr aparılmalıdır. Amma hələlik orada araşdırma aparılmasına imkan verilmir". İ.Xəlilov əlavə edib ki, siyasi məsələlər öz həllini tapdıqdan sonra şirkət "Qızılbulaq" və onun yuxarı hissəsində yerləşən "Dəmirli" müqavilə sahəsində kəşfiyyat işlərinə başlayacaq.  

Qeyd edək ki, "Qızılbulaq" Müqavilə Sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi "Dəmirli" mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair məlumatlar var. Qızılın yerin səthindən çıxarılması ciddi ekoloji və digər törəmə fəsadlar yaradır.

"Rusiya sülhməramlılarının missiyası sülh yaratmaq, barışığı təmin etməkdir"

  Millət vəkiili Ceyhun Məmmədov deyib ki, XX əsrin sonlarında keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı faciəsinin iştirakçısına çevrildiyi kimi, bu gün də rus sülhməramlıları yenə həmin siyasətdən çıxış edərək, ermənipərəst siyasət yürüdürlər: "Rusiya sülhməramlı kontingentinin addımı qanunsuzdur. Bu, növbəti təxribat kimi qiymətləndirilməlidir. Həmin ərazilər Azərbaycan əraziləridir. 

Ona görə də bu məsələdə Azərbaycanın həssaslığı mütləq nəzərə alınmalıdır. İndiki halda ən önəmli məsələlərdən biri budur ki, Azərbaycan təhlükəsizliyini təmin etməlidir. Bunun üçün hər cür şərait yaradılmalıdır. Rusiya sülhməramlılarının missiyası sülh yaratmaq, barışığı təmin etməkdir. Əgər bacarmırlarsa, onda bunu özümüz edə bilərik. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Xalqımızın birliyi və həmrəyliyi qürurvericidir. Biz birlikdə bütün vəzifələrin öhdəsindən gələcəyik!".