İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

2 ildir böyük quruculuq və abadlıq işlərinin şahidiyik

Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərdə iri layihələr uğurla davam etdirilir

  İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli,  sistemli və planlı şəkildə aparılır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atılıb, şəhərlərin və kəndlərin baş planları tərtib edilib. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub.

DP-nin hazırlanmasında qlobal trendlər və beynəlxalq normalar nəzərə alınıb. "Böyük Qayıdış"a dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamı və strateji hədəflərə çatmaq üçün mükəmməl yol xəritəsidir. Şübhə yox ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər dövlət proqramları kimi "Böyük Qayıdış" Proqramı da uğurla icra olunacaq. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır. Bir nüansı da xatırladaq ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qarşıya qoyulan 5 hədəfdən biri məhz işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi idi. Bu sənəd sözügedən hədəfə çatmağa da xidmət edən mühüm bir addımdır. Qeyd edək ki, müstəsna önəm daşıyan tarixi sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxıb. Dövlət Proqramının hazırlanması zamanı sözügedən amillər ətraflı araşdırılıb, onların mümkün təsirləri təhlil edilib. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı nəzərə alınıb.
Vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılıb. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlayıb. İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılıb. 

Bütün bunlar strateji əhəmiyyət kəsb edən məsələlərin həlli məqsədilə peşəkar idarəetmə sisteminin qurulduğundan xəbər verir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək. 
  Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, sənədin əhatə dairəsi kifayət qədər genişdir. O qeyd edib ki, Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb: "Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Bərpa-quruculuq işlərinin icrasında strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sistemi yaradılıb. İnstitusional mexanizmlər postmüharibə dövrünün ilk günlərində təsis edilib. Müharibənin başa çatmasından ötən qısa müddət ərzində Füzulidə və Zəngilanda olmaqla iki beynəlxalq səviyyəli hava limanının inşasının tamamlanması son dərəcə qürurvericidir. Həmin hava limanlarında ən ağır yük və sərnişin təyyarələrinin qəbul edilməsi üçün lazımi şərait yaradılıb. Sayca üçüncü hava limanının inşası isə Laçın rayonunun ərazisində aparılır. İşğaldan azad olunmuş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bunlar Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biridir".
  Millət vəkili Ceyhun Məmmədov da azad edilmiş ərazilərdə böyük quruculuq və abadlıq işləri aparıldığını diqqətə çatdırıb. O deyib ki, hazırda iri layihələr həyata keçirilir: “Bu gün Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərdə iri layihələr uğurla davam etdirilir. Yəni avtomobil yollarının, dəmir yolunun çəkilişi, yeni binaların, məktəblərin, xəstəxanaların inşası istiqamətində davamlı olaraq işlər görülür. 2 il müddətində böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyinin bilavasitə şahidiyik. Bu gün Ağdamda və digər ərazilərdə binaların tikilməsi ilə yanaşı, məscidlərin bərpası ilə bağlı işlər aparılır. İnsanlar öz yurdlarına köçürülərkən burada yalnız bir istiqamətdə deyil, bir neçə istiqamətdə addımların atılmasına ehtiyac var. 

Bu mənada biz işlərin çox sürətli formada həyata keçirildiyini deyə bilərik. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın iradəsi var. Azərbaycan bu ərazilərin ən qısa müddətdə bərpasında maraqlıdır. Bu gün ən mühüm və vacib işlərdən biri də minatəmizləmə işlərinin həyata keçirilməsi ilə bağlıdır.

 Bu gün Zəngilanda Ağalı kəndi öz gözəlliyi ilə bütün dünyanı cəlb edir. Şuşada tarixi abidələr bərpa olunur, Füzulidə məktəb tikilir. Bu işlər digər ərazilərimizdə ən yüksək səviyyə və formada həyata keçirilir. Azərbaycan bütün bu işləri heç bir maliyyə  dəstəyi olmadan öz hesabına həyata keçirir”.