ANAMA-nın əməkdaşı: "Aşkarlanan kütləvi məzarlıqlar atamın meyitini tapacağımızla bağlı ümidlərimi artırır"

"Zərərsizləşdirdiyim hər minaya görə insanların həyatını xilas etdiyim üçün qürurluyam"
İşğaldan azad edilən ərazilərimizdə aşkarlanmış kütləvi məzarlıqlar illərdir gözü yolda qalan ailələri ümidləndirib. Onlar itkin hesab edilən yaxınları barədə yeni məlumatlara sahib olmaq niyyəti ilə məzarlarda aşkarlanan qalıqların müayinə cavablarını səbrsizliklə gözləyirlər.
“Report”un Qarabağ bürosu xəbər verir ki, bu cür ailələrdən biri də Füzuli rayonunun Qazaxlar kəndindən olan Mahmudovlar ailəsidir.
Həmin ailənin üzvlərindən biri olan Bəhruz Mahmudov Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) çalışır.
B.Mahmudov “Report”un yerli bürosuna bildirib ki, onu bu çətin və riskli işə qoşulmağa vadar edən amil itkin düşən atasının bir vaxtlar döyüşdüyü yerləri düşmənin basdırdığı minalardan təmizləmək və insanları təhlükədən qorumaq niyyəti olub:
“2005–ci ildə ANAMA-ya sənədlərimi təqdim etdim və indiyədək burada çalışıram. Atam 1993–cü ildə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb. Onun tapılması istiqamətində axtarışlar həyata keçirilsə də, heç bir məlumat əldə edə bilməmişik. Mən də həmişə düşünürdüm ki, necə olursa olsun, atamın yolunu davam etdirməliyəm. Düzdür, hərbi sahədə çalışa bilməsəm də, ərazilərin minalardan təmizlənməsi işində öz töhfəmi verməyi özümə borc bildim. Əməliyyatların aparıldığı ərazilərdə zərərsizləşdirdiyim hər minaya görə bir və ya bir neçə insanın həyatını təhlükədən azad etdiyim üçün çox qürurlu oluram”.
B.Mahmudov deyir ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra o, bu işə daha da məsuliyyətli yanaşmağı özünə borc bilib. Axtarışlar zamanı aşkarlanan kütləvi məzarlıqlar onun atası ilə bağlı uzun illərdir gözlədiyi xəbəri almaq arzusunun yaxın olduğunu hiss edir.
Aşağı Seyidəhmədli kəndində olduğu ehtimal edilən məzarlıq B.Mahmudovu atası ilə bağlı müsbət xəbər alacağına ümidləndirib: “Hələ də atamın taleyindən bu günə qədər bir məlumat ala bilməməyimiz təbii ki, tək mənim yox, eləcə də ailəmiz üçün çox ağırdır. Amma nədənsə çox ümidliyəm. Elə bil haradasa bir inam hissi məni rahatladır ki, illər sonra atamdan xəbər ala biləcəyəm və onun taleyinə aydınlıq gətiriləcək. Seyidəhmədli kəndində apardığımız əməliyyatlar məndə bu ümid və inam hissini bir qədər də artırır”.
Digər müsahibim Müşfiq Namazov da illərdir ki, ANAMA-da çalışır. O, “Report”un yerli bürosuna söyləyib ki, gördüyü işin məsuliyyətini hiss edir. Buna görə də həmişə Vətənə xidmətini bu sahədə daha layiqli şəkildə davam etdirməyə çalışır:
“Vətən müharibəsindən sonra üzərimizə düşən öhdəliklərdən biri də budur ki, əraziləri minalardan təmizləyək. Bizim hazırda çalışdığımız ərazi Aşağı Seyidəhmədli kəndi ərazisidir. Cəbhəboyu bu ərazilər minalarla sıx şəkildə çirkləndirilib. Biz də öz işimizlə qürur duyuruq, şərəf duyuruq, çalışırıq ki, öz üzərimizə düşən işi layiqincə yerinə yetirək”.
Qeyd edək ki, Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olduğu ehtimal edilən ərazi minalardan təmizlənir. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi davam etdirilir. Kənddə işlərin daha da sürətli aparılmasına səbəb isə Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilən soydaşlarımızın bu ərazidə kütləvi şəkildə basdırılmasıdır. Əməliyyatın başladığı 10 gün ərzində ərazinin 10-15 faizi təmizlənib və 59 ədəd tank əleyhinə mina aşkar edilib.
Hazırda məzarlığın olduğu ehtimal edilən ərazidə aparılan minatəmizləmə işlərinin qısa nüddət ərzində başa çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, bu vaxta qədər əməliyyatların aparıldığı azad edilmiş ərazilərdən 81 min partlamamış hərbi sursat və minalar aşkar edilib ki, bunların da 14 minini tank əleyhinə minalar təşkil edir.