İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş layihəsi prezidentlər tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda imzalanacaq. Bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib. “Bu layihə üzərində iki ölkənin xarici işlər nazirliklərinin hüquq şöbələri işləyir. Layihə baxılması üçün prezidentlərin administrasiyasına təqdim olunub. Sənəd hazır olan kimi dövlət başçıları tərəfindən imzalanacaq. Düşünürəm ki, bu, yaxın vaxtlarda olacaq”, - Cəlali bildirib.
İki ölkə arasındakı əməkdaşlığı “Sherg.az”a dəyərləndirən politoloq Zeynal Əmrəliyev bildirib ki, İran və Rusiyanın maraqları müəyyən dövrlərdə üst-üstə düşür:
“Xüsusilə də İranın Qərblə əlaqələri pisləşdikdən sonra Rusiya ilə münasibətləri kifayət qədər isti olub. Hazırda hər iki ölkə sözügedən sazişi imzalamaq və strateji tərəfdaş olmaq istiqamətində müəyyən addımlar atırlar. Düşünürəm ki, bu Şərq blokunun güclənməsinə xidmət edəcək amillərdən biridir. Məlum olduğu kimi Şərq blokunda təmsil olunan Çin, Rusiya, İran kimi dövlətlər Qərbin bölgədəki hegemonluğuna qarşı mübarizə aparmaq istəyirlər. Hətta mümkün qədər Şərq və Qərb toqquşmasını reallaşdırmaq niyyətindədirlər. Hazırda İranın Rusiya ilə yaxınlaşmasının şübhəsiz ki, bir neçə səbəbi var. İlk növbədə İran Qərbdən ona qarşı açıq şəkildə hücumların baş verdiyini görür. İran və İsrail müharibəsindən sonra Qərbin rəsmi Tehranı hədəf alması gözləniləndir. İranın çəkindiyi əsas məsələ də budur. Belə olan halda İranın müttəfiq dövlətlərə ehtiyacı olacaq. Həmin ölkələrin başında isə Rusiya durur. Rusiya açıq şəkildə olmasa da, Ukrayna cəbhəsində Qərb ilə savaş içərisindədir. Ukraynalılar Qərb silahları ilə Rusiyaya hücumlar edirlər. Buna görə də İran mövcud vəziyyətdən istifadə etməyə səy göstərərək, Rusiyanı öz tərəfinə çəkməyə çalışır".