Qarabağda Turan doğuldu


30 ildən sonra Zəngilanda ilk oğlan uşağı dünyaya gəlib


  30 ildən sonra Zəngilanda ilk oğlan uşağı doğulub. Rayonun Ağalı kəndində anadan olan körpəyə Turan adı verilib. Turan Ağalıda doğulan 3-cü uşaqdır, ilk 2 körpə isə  qız uşağıdır.  Bu körpənin  dünyaya gəlişinin  Ağalının fonunda bütün ölkədə bayram əhval-ruhiyyəsi yaratmasının əsas səbəbi onun oğlan olması yox, adının məhz Turan qoyulmasıdır. Axı Turan həm də düşmənlərə mesaj, gələcəyə  yönəlik işarədir. Yəni işğaldan azad olunmuş ərazilərdə daha top-tüfəng səsi yox, beşikdəki körpəsinə laylay çalan anaların xoş avazı, yeni doğulan körpələrin  sədası eşidiləcək. Demək, Böyük Turana gedən yol da Türk dünyasının birliyinin ayrılmaz qanadı olan Zəngəzurdan keçəcək. Elə atası da bu məqsədlə oğluna Turan adını qoyub.  Yəni bütün yollar bizi  Zəngəzura aparır. 

  Qeyd edək ki, 30 il məcburi köçkün həyatı yaşayan Zeynalovlar ailəsi 44 günlük Vətən müharibəsindən sonra Zəngilanın Ağalı kəndinə qayıdıblar. Uzun illik həsrətdən sonra doğma yurda qayıdan ailənin, nəhayət, bu günlərdə sevincinə sevinc qatılıb. Turanın anası Mədinə Zeynalova əslən Laçın rayonunun Güləbird kəndinin, həyat yoldaşı Teymur Zeynalov isə Zəngilan rayonunun Ağalı kənd sakinidir. T.Zeynalov sevinc təəssüratlarını "Modern.az"la bölüşüb. Özünü xoşbəxt hiss edən ata övladının sağlıq durumunun yaxşı olduğunu söyləyib: "Ata-baba yurdumuzda ilk oğlan övladı dünyaya gətirdiyimizə görə çox sevincliyik. Bundan əvvəl iki övladım vardı, həmişə arzulayırdım ki, bir övladım da öz doğma yurdumda dünyaya gəlsin, bu torpaqlarda daha bir uşağımız olsun. Şükürlər olsun ki, arzuma çatdım. Övladım sağlamdır, hər şey qaydasındadır. Xoşbəxtəm ki, övladlarım ata-baba torpaqlarımızda böyüyüb boya-başa çatacaq".

  T.Zeynalov övladına Turan adının verilməsinə də aydınlıq gətirib:

"Niyyət etmişdik ki, oğlan olsa adını şəhidlərimizə, vətənimizə, türklüyümüzə ithaf olaraq Turan qoyaq. Elə də oldu. Allah bizə bu günü qismət elədi, biz də istəyimizi həyata keçirdik. Arzu edirəm ki, Vətənə, millətə xeyirli, qəhrəman övlad böyüdək".

  Uşağın səhhəti ilə bağlı danışan ana M.Zeynalova isə  qeyd edib ki, hazırda körpə həkim nəzarətindədir və uşağın sağlamlığında heç bir problem yoxdu: “Balamın adını Turan ordusuna həsr etmişik. Zəngilandan məcburi şəkildə köçürüləndə mən də övladım kimi “əl boyda” uşaq idim. Ona görə övladımın məhz Zəngilanda dünyaya gəlməyi, öz dogma torpaqlarımızda böyüməyi mənim üçün çox qürurverici bir haldır. Biz birinci sinfə məcburi köçkün məktəblərində getmişik. Amma böyük qızım Ağalıda birinci sinfə başladı. Biz illərdir bu günü arzulayırdıq. Çox şükür, indi arzularımız, xəyallarımız gerçəkləşib, doğma yurdumuza qayıtmışıq, öz elimizdə, öz evimizdəyik. Bundan böyük xoşbəxtlik olar? Biz Ağalıya köçəndə  Prezident İlham Əliyev tərəfindən tam təmirli mənzillə təmin olunmuşduq. Lakin köç başlayanda özümüz ərizəmizi yazıb, evimizi şəhid ailəsinə verib bura gəldik. Bura gələrkən övladıma 16 həftəlik hamilə idim. Son günə qədər burada müayinə olunub, tam nəzarətdə saxlanmışam. Fevralın 15-də bizim Turan dünyaya gəlib. Eyni zamanda Ağalının daha iki körpəsi yaxın günlərdə gələcək. Övladım öz yaşıdları ilə doğma torpaqlarda böyüyəcəklər. Hələ doğum şəhadətnaməsini almamışıq, bir həftə ərzində alacağıq".

  Zeynalovlar ailəsinin daha iki qız övladı var. Leyla Ağalı kənd orta məktəbində birinci sinfə, Əsma isə məktəbəhazırlıq qrupuna gedir.

  Jurnalist Jalə Mütəllimova  da Ağalıda  dünyaya gələn körpələrin sayının artmasına  sevinənlərdəndir. Bu barədə sosial media hesabında paylaşım edən həmkarımız yazıb ki, Qarabağda otuz illik işğaldan sonra, salınan ilk insan məskənində, "düşmən çəpəri" bir oğul doğuldu. Adı Turan qoyuldu. Məmləkətin hədəfləri böyükdür. Bunun üçün yaxşı gələcək və on minlərlə belə TURANLAR lazımdır. 
  Ağalı Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Ceyran Abbasova  isə "AzVision.az"a açıqlamasında bildirib ki, Ağalıya köç etməli olan iki nəfər hamilə qadının yol getməsinə icazə verilməmişdi: "Həkim göstərişi ilə yataq rejimində qalmalı idilər. Artıq onların doğuşu Bakıda reallaşıb, Beləliklə, Ağalının 3 balaca sakini var. Yaz fəslində onların bura gəlişini gözləyirik. Kənd sakinləri arasında daha 3 hamilə qadınımız var. Onların yay aylarında körpələrini qucaqlarına almalarını gözləyirik. Hamilə qadınlar daim diqqətdə saxlanılır, Beyləqan rayon Mərkəzi Xəstəxanasından ginekoloq və UZİ həkimi gəlir, onları müayinə edir. Eyni zamanda burada olan hərbiçilərdən iki nəfərin hamilə qadını bizdə qeydiyyatdadır və onlar da daim nəzarətdə saxlanılır".

  Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova isə deyib ki, Ağalı kəndinin yeni sakini “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb: "Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra 15.02.2023-cü ildə anadan olmuş körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən Ədliyyə Nazirliyinin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub".

  Millət vəkili Ceyhun Məmmədov da “Şərq”ə açıqlamasında bildirib ki, bu hadisə çox sevindirici və qürurvericidir: 

“Azərbaycan xalqı səbirsizliklə  torpaqlarımızın işğaldan azad olmasını, insanlarımızın öz evlərinə qayıtmasını gözləyirdi. Ağalıya qayıdış və qısa müddət sonra orada körpələrin doğulması, həqiqətən də, böyük tarixi hadisədir. Çünki illər öncə ağlımıza gəlməyən, təsəvvürümüzə oturmayan bir şeylərin baş verdiyini görürük. Ağalıda doğulan ilk oğlan uşağına Turan adının qoyulması da rəmzi xarakterlidir. İnsanlarımızın milli-mənəvi dəyərlərimizə bağlılığının tərənnümüdür. 

Bu bir növ Ermənistana və ona havadarlıq edən ölkələrə də mesajdır ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır və belə də qalacaq. O torpaqlarda hələ çox Turanlar doğulacaq. 44 günlük müharibə zamanı torpaqlarımızı işğaldan azad edərkən demişdik ki, gün gələcək, bu torpaqlarda yenidən körpə səsləri eşidiləcək. Ağalı kəndində uşaqların doğulması, insanların ora uyğunlaşması digərləri üçün də yolun açılışı deməkdir. 

Ümid edək ki, bütün məcburi köçkün bacı-qardaşlarımız öz doğma Vətən torpaqlarına qayıdıb oranı yenidən cənnətə çevirəcək, boy- boy uşaqlar dünyaya gətirəcəklər. 

Elə bilirəm ki, bu ailənin sevincinə bütün Azərbaycan xalqı sevinir. Çünki işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq proseslərindən sonra köçkünlərimizin ilk qayıdışı Ağalıya oldu. 30 il doğma yurduna qayıtmağı xəyal edən məcburi köçkünlərin arzuları Ağalıda reallaşmağa başladı. 

Hesab edirəm ki, dövlətin böyük himayəsi altında ora gedən insanlar oranı yenidən kəşf etməli, yenidən dəyərləndirməli və oranı Azərbaycan üçün ən önəmli bir məkan olaraq tanıtmalı, qəbul etdirməlidirlər”.