Xarici jurnalistlər Füzulidə səfərdədir - YENİLƏNİB + FOTO

Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Füzuliyə gəlib.
“Report” xəbər verir ki, səfər çərçivəsində xarici KİV nümayəndələri səkkiz ay ərzində inşa edilən və 2021-ci ilin oktyabr ayında istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına baş çəkiblər.
Daha sonra xarici jurnalistlər ərazilərin minalardan təmizlənməsinin gedişi ilə tanış olacaq və şəhərin mərkəzinə səfər edəcəklər.


11:22
Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Gəncədə raket hücumlarına məruz qalmış ərazilərə səfər etdikdən sonra Füzuliyə yola düşüb.
“Report” xəbər verir ki, səfərdə 30-dan çox xarici jurnalist iştirak edir.
KİV nümayəndələri Füzuliyə səfər çərçivəsində ərazilərin minalardan təmizlənməsi işlərinin gedişi ilə tanış olacaq, həmçinin 2021-ci ilin oktyabr ayında istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına baş çəkəcəklər.

09:38
Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdamdan sonra Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olublar.
APA xəbər verir ki, 30 nəfərlik heyət Qələbə parkını ziyarət ediblər. Media nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər. Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib. Jurnalistlər erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.
Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki media nümayəndələri ötən gün Ağdamda olublar. Bu gün isə Füzuli və Şuşaya səfərləri gözlənilir.