Mətbuat orqanlarının nümayəndələri Suqovuşan qəsəbəsində olublar

Bu gün prezidentin izi ilə Talış kəndində olan aparıcı mətbuat orqanlarının nümayəndələri daha sonra Suqovuşan qəsəbəsində olublar.

APA-nın xəbərinə görə, mətbuat nümayəndələrinə bildirilib ki, martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Suqovuşan qəsəbəsində səfərdə olduqları zaman Prezident İlham Əliyev Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməlini qoyub.

Sahəsi 2 hektardan çox olan məhəllədə 190 ailəlik mənzil inşa ediləcək. Məhəllədə həmçinin sakinlər üçün lazım olan bütün infrastruktur yaradılacaq.

Dövlət başçısı “Suqovuşan” su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.

KİV nümayəndələrinə bildirilib ki, Suqovuşan su anbarında bəndin ümumi hündürlüyü 28 metr, uzunluğu 600 metrdir. Köhnə dəmir beton örtüyü qaşınıb çıxardılıb, yerinə yenidən demir-beton örtüyü vurulub.

Su anbarının sol sahilində 250 metr uzunluğunda eni (yamac) 22 metr dəmir-beton üzlük qatı verilir.