"Əməliyyat şəraiti istər Azərbaycan-Ermənistan sərhədi, istərsə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə Ordumuzun bölmələrinin nəzarəti altındadır".
Bu sözləri "Sherg.az"a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O vurğulayıb ki, Azərbaycan tərəfi ermənilər və onlara himayədarlıq edən Rusiya sülhməramlı qüvvələri, bəzi şəxslərin köməyilə qanunsuz hərbi daşımaların icrasını müəyyən edib:
"Bununla bağlı sülhməramlı qüvvələrə informasiyalar verilib. Təəssüf ki, Rusiya Azərbaycanın sözügedən məlumatlarına lazımi reaksiyanı verməyib.
Daha sonra bütün cəhdlərə baxmayaraq, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.
Bu da ordumuzun peşəkarlığından xəbər verir. Həm Azərbaycan-Ermənistan sərhədi, həm də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə ordumuz dövlətimizin maraqlarını tam şəkildə təmin edib. Lazımi tədbirlər daim həyata keçiriləcək".
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zərurətə çevirib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.