Kamran Bayramov: Laçınlılar tezliklə öz doğma diyarlarına qayıdacaqlar 

«Ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı. Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaradıb və şərtləri özü diktə edir. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır. Bütün bunlar Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirb.
K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna  yeni təyin etdiyi  xüsusi nümayəndəsini  qəbul edərkən bildirib ki, Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir: «Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq». Dövlət başçımız Laçın rayonunda yeni təyin olunmuş xüsusi nümayəndəsinin qarşısında dayanan vəzifələri də açıqladı: «Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin».
Deputat diqqətə çatdırıb ki, ermənilərin gedərkən evlərini, meşələri yandırmaları onların buralara bir daha qayıtmaq ümidinin olmamasını, xislətini, barbarlığını göstərir. Halbuki o vaxt azərbaycanlılar doğma yurdlarından didərgin salınanda nə vaxtsa oraya yenidən qayıdacaqlarını bildikləri üçün heç bir yanğın və ya dağıntı törətməmişdilər. Çünki bölgənin əsl sahibləri azərbaycanlılardır və bu əhali bilirdi ki, tez-gec doğma yurda qayıdacaqlar. 
K.Bayramov əlavə edib ki, dövlət başçımızın qeyd etdiyi kimi, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarlarına qayıdacaqlar. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma, Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya, ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işləri cari ilin sonuna qədər başa çatdırmalıyıq. İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılır. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.
Deputat xüsusi olaraq vurğulayıb ki, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəkdir.