Laçın yolu tamam nəzarətimizə keçir

Ermənistan tezliklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur ediləcək


  Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Ermənistandan Qarabağa qanunsuz silah-sursat, heyət və minaların daşınmasını məhdudlaşdırmaq məqsədilə Ordumuz Gorus-Laçın rayonu istiqamətindəki sərhədimizi tam nəzarətə götürməyə məcbur qalıb.

Yeni yolda nəzarət-keçid məntəqəsinin qurulması istiqamətində addım atılacağı da istisna deyil. Rəsmi Bakı bu məsələdə israrını davam etdirir və bu hədəfə nail olacağı şübhə doğurmur. MN-in xəbərinin ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuata açıqlama verib. O, iddia edib ki, Azərbaycan yeni eskalasiyaya hazırlaşır. Həmçinin qeyd edib ki, Azərbaycan rus "sülhməramləları"nın məsuliyyət zonasına müdaxilə etməklə, 10 noyabr 2020-ci il razılaşmasını pozub. "Qarabağda yaşayan ermənilər Ermənistana nə hərbi yardım göndərir, nə də həmin ərazidə Ermənistan ordusu var". Baş nazir Ermənistandan Qarabağa gedən yolun marşrutunun dəyişdiriləcəyini deyib: “Ermənistandan Laçın yoluna birləşən yol tam hazır olmadığı üçün əvvəlcə Gorunzur (Kornidzor) körpüsü ilə Ermənistana daxil olan, sonra Azərbaycan ərazisindən, sonra isə yenidən Ermənistan ərazisindən keçən müvəqqəti marşrutdan istifadə edilib. Hazırkı razılaşmaya görə, bu marşrut 2023-cü il aprelin 1-dək fəaliyyət göstərməli idi. Ermənistan mövqelərində heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik sərhəd mühafizəsinin Ermənistan ordusundan sərhədçilərə verilməsidir. İrəvan eyni dəyişikliyi Azərbaycan tərəfinə də təklif edib”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Paşinyandan fərqli açıqlama gözləmək sadəlövhlük olardı. Ekspertin sözlərinə görə, Ermənistan baş naziri vəziyyətin ciddiliyini dərk edir: 

"Azərbaycan Ordusu güc tətbiq etməklə Paşinyana xatırladır ki, baş nazir imza atdığı 10 noyabr üçtərəfli sazişini imzalamağa məcburdur. Hazırda Silahlı Qüvvələrimizin nəzarətinə keçən həmin yüksəkliklər əslində 2020-ci ildə götürülməli idi. Rusiya sülhməramlılarının, Ermənistanın, o cümlədən separatçıların yaxın dönəmdə doğru-dürüst qərar verəcəyini gözləyirdik. Amma onlar bizim gözləntimizi tamam başqa cür anladılar. Bundan sui-istifadə etməyə cəhdlər göstərdilər. Paşinyan absurd bəyanatlar vermək əvəzinə, yaxşı olardı ki, ciddi düşünsün. Sözügedən ərazilərin hamısı Azərbaycan torpaqlarıdır, suveren və heç bir mübahisə doğurmayan ərazilərimizdir. Hansısa yüksəkliyə postumuzu yerləşdirmək, yollara nəzarət etmək zərurəti varsa, bunu heç kimə məsləhət etmədən edəcəyik. Paşinyan düşünməlidir ki, ətrafında halqa getdikcə daralır. Ermənistan tezliklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur ediləcək. Verdiyi heç bir sözə əməl etməyən Paşinyan söz oyunu oynayır. Məqsəd daxili autoriyanı sakitləşdirmək, toplumdakı narahatlığı qismən aradan qaldırmaqdır. "Ermənistandan Qarabağa gedən yolun marşrutu dəyişdiriləcək" deyən Paşinyan məgər imzaladığı üçtərəfli bəyanata əsasən, hansı addımların atılacağını bilmirdi? Ağlına gələni danışır. Deyir ki, "heç bir dəyişiklik baş verməyib", arxasınca bildirir ki, "yolun marşrutu dəyişib", "Azərbaycan eskalasiyaya hazırlaşır", "rus sülhməramlıların nəzarət etdiyi əraziyə müdaxilə edir" və s. Nəsə baş verməyibsə, bunları niyə iddia edirsən? Paşinyan ölkədə heç nəyə nəzarət edə bilmədiyi üçün gündə bir bəyanat verir. Ermənistan hökuməti hazırda çox böyük problemlərlə baş-başadır".

  Ü.Cəfərli vurğulayıb ki, Azərbaycan Ordusu isə ərazidə lazım olan bütün işləri tədricən görməkdədir:

 "Laçın yolu işlək vəziyyətdədir və Azərbaycan tərəfi bu yolun humanitar məqsədlə istifadə ediləcəyini hər dəfə bəyan edib. İl ərzində Laçına vətəndaşlarımızın qayıdışını da təmin edəcəyik. Azərbaycan Ordusu Cağazur və Zabux kəndi arasındakı yüksəklikləri ona görə nəzarətə götürüb ki, separatçılar kənar yollardan qeyri-qanuni məqsədlər üçün istifadə etməsin, təhlükəsizlik təmin olunsun. Laçın yolunda nəzarət-buraxılış məntəqəsi, gömrük postu qurulandan sonra ermənilərin qanunsuz əməllərinin qarşısı alınmış olacaq. Bu məsələ bölgədə gərginliyin bitməsinə gətirib çıxaracaq".