Ağdam şəhəri Qarabağın sənaye mərkəzi olacaq

Deputat vurğulayıb ki, Ağdam Sənaye Parkında sahibkarlar çoxsaylı güzəştlərdən istifadə edə biləcəklər

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 

  Hazırda Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə postmünaqişə dövründə quruculuğun əsas istiqamətləri müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri sürətlə davam etməkdədir. Nəzərə alaq ki, Qarabağın bərpası dünyada analoqu olmayan, böyük bir meqa layihədir. Azərbaycan 10 min kvadrat kilometr ərazidə həyatı yenidən qurmağa çalışır. Əhalinin öz yurduna köçünü təmin etmək üçün ərazidə ilk növbədə mühüm infrastruktur qurulmalı, nəqliyyat yolları çəkilməli, yaşayış və qeyri-yaşayış obyektləri tikilməli, kommunal məsələlər öz həllini tapmalıdır. Təbii ki, ən önəmli məsələlərdən biri də mərhələli şəkildə bölgəyə köçürülən sakinlərin iqtisadi fəallığının təmin olunması, iş yerlərinin yaradılmasıdır. Məhz bu məqsədlə Şərqi Zəngəzurda və Qarabağ iqtisadi zonalarında Sənaye Parklarının yaradılmasına qərar verildi və bölgəyə sahibkarlar cəlb olunmağa başlandı. Ötən gün yayılan xəbərə görə, Ağdam Sənaye Parkında ayaqqabı istehsalı müəssisəsi yaradılacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarovun məlumatına görə, Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb: "Sənaye parkında yeni rezident "BAFCO İnvest" MMC tərəfindən investisiya həcmi 10 milyon manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradılacaq və 120 nəfər işlə təmin ediləcək". Xatırladaq ki, Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Qeyd olunub ki, burada rezidentlər dövlət tərəfindən torpaq sahəsi, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla lazımi infrastrukturla təmin olunacaq. Aşağı kirayə haqqı, gəlir və əmlak vergisindən 10 il müddətinə, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiyaların gətirilməsi halında ƏDV və idxal rüsumlarının ödənilməsindən müvafiq olaraq 10 və 7 il müddətinə azad edilmə sənaye parklarının rezidentləri üçün əlavə stimul olacaq. Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidentlərinin ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri yaradılacaq. Bundan əvvəl xəbər verilib ki, "Qarabağ Steel” MMC Sənaye Parkının 5 hektar ərazisində investisiya dəyəri 32,4 milyon manat olan boru və qutu profillərin istehsalı zavodunu inşa edəcək. 94 nəfərin daimi işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, xaricə ixracı da nəzərdə tutulur. Ağdam Sənaye Parkının digər yeni rezidenti “Thermo Natural Azerbaijan” MMC Sənaye Parkının 1 hektar ərazisində alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının istehsalı zavodunu inşa edəcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan və 37 nəfərin işləyəcəyi müəssisədə istehsal olunacaq məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Ümumiyyətlə, Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Xazin Hidayətov bildirib ki, artıq rezidentlərin bir çoxu tikinti işlərinə başlayıb. “Metkons” MMC havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatların, “Dadaş-N” MMC müxtəlif çeşiddə xalçaların, “Veliev” MMC prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına start veriblər. Sənaye Parkının digər rezidentləri tərəfindən isə layihələndirmə işləri görülür və yaxın zamanda tikinti işlərinə başlanması planlaşdırılır. Ümumilikdə, Ağdam Sənaye Parkına 60 milyon manatdan çox investisiya yatırılacaq. Sənaye Parkında 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bəyan edilib ki, azad edilmiş ərazilərin potensialı nəzərə alınaraq, burada dörd regional mərkəzin yaradılması planlaşdırılır. Ağdamda sənaye, Cəbrayılda logistika və ticarət, Şuşada mədəniyyət və turizm, Kəlbəcərdə mədənçilik və turizm mərkəzləri yaradılacaq. Ekspertlərin fikrincə, Qarabağda yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, regionun dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.
  Millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, Ağdam şəhəri Qarabağın sənaye mərkəzi olacaq. Deputat vurğulayıb ki, Ağdam Sənaye Parkında sahibkarlar çoxsaylı güzəştlərdən istifadə edə biləcəklər: "Formalaşmış struktur sahibkarlara Sənaye Parkında daha çox məhsul istehsalı imkanları yaradır. Ona görə də gözləndiyi kimi Ağdam Sənaye Parkına maraq kifayət qədər yüksəkdir. Digər tərəfdən, nəqliyyat və logistikanın inkişaf etməsi də Sənaye Parkında istehsal edilən məhsulların regional və dünya bazarına çıxarılması baxımından yeni imkanlar vəd edir. Bu da iş adamları üçün istehsal etdikləri məhsulların realizasiyasına imkan yaradacaq. Eləcə də Qarabağ iqtisadi rayonunun özünün böyük potensialı olmaqla yanaşı, həm də istehsal edilən məhsullara ciddi tələbat yaranacaq. Təbii ki, tələbin qarşılanmasında Ağdam Sənaye Parkı xüsusi rola malik olacaq. Sənaye parkları bütövlükdə Qarabağda iqtisadiyyatın formalaşması və reinteqrasiya prosesinə müsbət töhfə verəcək. Bu, ondan xəbər verir ki, çox qısa zamanda Qarabağda, Şərqi Zəngəzurda yeni istehsal müəssisələrinin yaradılması və məhsul istehsalının genişləndirilməsini müşahidə edəcəyik".