Laçında gərgin döyüşlər olub

Düşmən tərəfi xeyli sayda itki verərək postları qoyub qaçıblar

Ermənistanın təxribatları sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verir


  Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini minaatan və iriçaplı silahlardan istifadə etməklə atəşə tutublar. Dərhal Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Düşmən tərəf xeyli sayda itki verərək postları qoyub qaçıblar. Əfsuslar ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub, yaralananlar var. “Kaliber”in məlumatına görə, Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı planlaşdırılmış təxribatı həyata keçirib: "Bu, təsadüfi deyil, hazırlanmış əməliyyatdır. Ermənistan Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyanın hadisə yerində olması da təsadüfi deyil. Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycan guya eskalasiya hazırlayır və bununla da, yəqin ki, sərhəd bölgəsində “kiçik əməliyyat” ümidi ilə Ordumuza qarşı aktiv əməliyyatlara zəmin yaradıb". Qeyd olunub ki, bugünkü insident bir qrup erməni hərbçinin Azərbaycan mövqelərinə yaxınlaşaraq mühəndis-tikinti işlərini görməsi ilə başlayıb. Hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutub. Bundan sonra gərgin döyüş başlayıb: "Aydındır ki, Nikol Paşinyan hökuməti “AB missiyasının qoruyucu effektinə” inanaraq, bunu təxribatlar törətməyə lütf kimi qəbul edirdi. Yaranmış vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.  
Xatırladaq ki, Ermənistanın korpus komandiri Armen Gözəlyan yaralanıb. Ermənistan Silahlı Qüvvələrinin Laçın istiqamətindəki mövqelərimizi İranın zenit-raket komplekslərindən istifadə etməklə atəşə tutduğu məlum olub. Düşmən ordusu ilk dəfədir ki, İranın pulsuz verdiyi PUA-lardan istifadə edib. 
  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi İrəvanın sülh prosesində maraqlı olmadığını göstərir: "Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır". Qeyd olunub ki, Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək: "Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".

  Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Şərq"ə bildirib ki, sərhəddə təxribatlara əl atan Ermənistan tərəfinin əsas məqsədi Azərbaycanla sülh müqaviləsinin imzalanma prosesini ləngitməkdir. Deputatın sözlərinə görə, erməni tərəfi bütün dünyaya car çəkmək istəyir ki, guya, döyüşlər Ermənistan ərazisində gedir: "Xəbər verilib ki, ABŞ-nin dövlət katibi E.Blinkenin təşəbbüsü ilə may ayında Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü planlaşdırılır. Ermənistan məhz növbəti görüş ehtimalını aradan qaldırmaq, danışıqlarda hər hansı nəticə əldə olunmasını aradan qaldırmaq üçün belə təxribatı həyata keçirib. Reallıq odur ki, Ermənistan sözdə hamıya "hə" deyir, ancaq əməldə bunun əksinə hərəkət edir. Münaqişəni uzatmağa çalışır. İrəvan Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini, özünün yeni sahiblərinin kim olacağını gözləyir. Əgər hansısa dəyişiklik olmazsa, Ermənistan yenidən köhnə sahibinin - Rusiyanın qucağına qayıdacaq". 

  Siyasi şərhçi Asif Nərimanlı da "Şərq"ə bildirib ki, İrəvanın sərhəddə təxribata əl atacağı gözlənilən idi: "Azərbaycan işğal dövründə ermənilərin irəli çəkdiyi dövlət sərhədini xəritələrə uyğun bərpa edir, Ermənistan isə buna qarşıdır. Paşinyan yeni Laçın yolunun istifadəyə verilməsindən sonra Laçın istiqamətində sərhədin 5 kilometr hissəsinin razılaşdırılmadığını açıqlamışdı. Ermənilər bu istiqamətdə təxribat hücumu edib. Baş verənlər İrəvana həm də Avropa İttifaqı missiyasına Azərbaycanı “şikayət etmək üçün” lazımlı idi. Ermənistanın artilleriya və PUA-lardan istifadə etməsi, Laçın istiqamətində əlavə canlı qüvvə və ağır artilleriya cəmləməsi döyüşlərin miqyasının böyük olduğundan xəbər verir. Bundan öncə olduğu kimi, ordumuzun cavabı yenə ağır olacaq".