Separatçıların Xankəndi ermənilərinə təsiri mümkünsüz olacaq

Yolun sonu görünməyə başladı

"Dövlət başçımızın Neftçala və Salyan rayonuna səfəri müxtəlif vasitələrlə və təxribatlarla sülhdən yayınan Ermənistana, onun havadarlarına və Xankəndidəki separatçılara ünvanlanan ismarıclar, xəbərdarlıqlar baxımından da olduqca əhəmiyyətlidir". Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri qeyd edib ki, xüsusən separatçılara ünvanlanan ismarıc kifayət qədər sərtliyi ilə diqqət çəkdi: 

"Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində maraqlı ritorika seçmişdi. Onun separatçıları “təlxəklər toplusu” adlandırması da ermənilər arasında hələ çox müzakirə olunacaq. Separatçılara ağır psixoloji zərbə vurmaq və onlara mənəvi-siyasi sarsıntı yaşatmaq üçün bundan daha uğurlu ifadə tapmaq, zənnimcə, mümkün deyil. 

Azərbaycan Prezidenti müsahibəsində həm separatçıların bütün “vəzifə”lərinin qondarma olduğunu bildirdi, həm də onlara bizim səbrimizin limitsiz olmadığını duyurdu. Separatçıların bundan sonra yalnız iki seçim imkanının qaldığını bir daha bəyan etdi. Beləliklə, Cənab Prezident erməni separatçıları ilə mülki ermənilər arasında ayırıcı xətti konkret olaraq müəyyənləşdirdi. Bununla bir daha dünyaya bəyan edildi ki, bizim Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan mülki erməni əhalisi ilə heç bir problemimiz yoxdur. Azərbaycan dövləti sadəcə olaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərimizi zəli, yırtıcı, təxribatçı separatçılardan təmizləmək istəyir. Bu istək də dünya birliyi tərəfindən çox normal qarşılanmalıdır. Çünki heç bir ölkə razı ola bilməz ki, onun ərazisində hansısa separatçı qüvvələr “dövlət içində dövlət” yaratmağa səy göstərsinlər".

Ə.Hüseynov vurğulayıb ki, Prezidentin son ismarıcları separatçıların sonunun başlanğıcı hesab edilə bilər:

 "Bundan sonra ya separatçıların həm dinc vasitələrlə, həm də kiçik antiterror əməliyyatlarının keçirilməsi hesabına zərərsizləşdirilməsi, demilitarizasiyası və denasifikasiyası planı reallaşdırılacaq. Onlar  reinteqrasiyaya məcbur ediləcəklər, ya da Xankəndidən zorla çıxarılacaqlar. Yəni ki, təlxəklər yığınının üçüncü yolu qalmır. Başqa sözlə desək, separatçıların 30 ilə yaxın oynadığı “müstəqillik tamaşası” artıq bitmək üzrədir. Necə deyərlər, yolun sonu görünməyə başladı. Separatçıların əsas simaları sayılan Serjik Sarkisyan, Robert Koçaryanı, Seyran Ohanyan kimi müharibə canilərinin və separatçılıq ideoloqlarının isə bundan sonra Xankəndi ermənilərinə təsir imkanları tamamilə mümkünsüz olacaq. Çünki ölkə rəhbəri İlham Əliyevin də qeyd etdiyi kimi, biz onları Qarabağdan iti qovan kimi qovmuşuq və indi heç biri Xankəndiyə gələ bilmir. Erməniləri böyük itkilərə və məğlubiyyətə düçar edən bu canilər separatçılığın, bölücülüyün və terrorçuluğun sonunun fiasko ilə nəticələnəcəyini vaxtında dərk etməliydilər. Azərbaycan xalqının öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyini artıq bütün ermənilər başa düşməlidir".